Perunun qiyamda ittiham olunan keçmiş baş nazirinə Meksikaya getməyə icazə verilib

Dünya xəbərləri Materials 7 Avqust 2026 23:31 (UTC +04:00)
Perunun qiyamda ittiham olunan keçmiş baş nazirinə Meksikaya getməyə icazə verilib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Peru hökuməti 2022-ci ildə qiyam təşkil etməkdə ittiham olunduqdan sonra Limadakı Meksika səfirliyinə sığınan ölkənin keçmiş baş naziri Betsi Çavesə ölkəni tərk etməyə icazə verib.

Bu barədə Peru Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu gün Peru hökuməti Peru vətəndaşı Betsi Çavesə təhlükəsiz keçid üçün təminat və icazə verib", – deyə məlumatda bildirilir.

Peru Xarici İşlər Nazirliyinin açıqlamasına görə, icazə ilə bağlı müraciət Meksika hökuməti tərəfindən edilib. Nazirlik həmçinin vurğulayıb ki, Peru iki ölkə arasında qüvvədə olan sazişlərə uyğun olaraq gələcəkdə Çavesin ekstradisiyasını tələb etmək hüququnu özündə saxlayır. RPP radiostansiyasının məlumatına görə, keçmiş baş nazir artıq ölkəni tərk edib.

Bundan əvvəl Peru Xarici İşlər Nazirliyi Meksika ilə diplomatik münasibətlərin bərpa olunduğunu açıqlamışdı. Münasibətlər 2025-ci ilin noyabrında Çaves Limadakı Meksika səfirliyinə sığındıqdan sonra Peru tərəfinin qərarı ilə kəsilmişdi.

2022-ci il dekabrın 7-də həmin vaxt Peru prezidenti olan Pedro Kastilyo Konqresin buraxıldığını və komendant saatının tətbiq edildiyini elan etmişdi. O, korrupsiya ittihamları ilə impiçment məsələsinin müzakirə olunduğu parlament iclasından əvvəl xalqa müraciət etmişdi. Deputatlar səsverməni təxirə salmayaraq prezidentin səlahiyyətlərinə xitam verilməsi barədə qərarı təsdiqləmişdilər. Silahlı qüvvələr və polis parlamentin qərarını dəstəkləmişdi.

Pedro Kastilyo qiyam təşkil etməkdə ittiham olunaraq saxlanılmışdı. Həmin dövrdə hökumətə rəhbərlik edən Betsi Çaves də eyni iş üzrə təqsirləndirilən şəxslərdən biri olmuşdu. 2025-ci ilin sentyabrında məhkəmə ona proses başa çatanadək azadlıqda qalmağa icazə vermiş, noyabrda isə Kastilyonu 11 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum etmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti