Bakı. Trend:
Ölkəmizdə və regionumuzda baş verən proseslərə Avropa Parlamentinin yanaşmalarında mövcud olan problemlər böyük narazılıq və narahatlıq doğurur və bu proses uzun illərdir ki, davam edir. Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr birtərəfli və qərəzli xarakter daşıyır, ikili standartlara əsaslanır. Bu sənədlər real vəziyyəti əks etdirmir və çox vaxt Azərbaycanın qanuni maraqlarını pozmağa yönəlib.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Sədr bildirib ki, Avropa Parlamentinin bu fəaliyyəti sistemli xarakter daşıyır:
“Avropa demokratiyasını təmsil etmək iddiasında olan bu qurumun Azərbaycana qarşı fəaliyyətlə məşğul olan lobbi qruplarının və müxtəlif maraq dairələrinin əlində alətə çevrilməsi təəssüf doğurur”.
S.Qafarova xatırladıb ki, bir neçə il bundan əvvəl Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərində böhran ciddi siyasi qərarların qəbul edilməsi ilə nəticələnib:
“2015-ci ildə Azərbaycan parlamenti Avropa Parlamentində Azərbaycan barəsində sistemli və davamlı şəkildə aparılan qarayaxma kampaniyasına cavab olaraq bu təşkilatla qarşılıqlı əlaqəni dayandırmağa məcbur olub. Milli Məclis Avropa Parlamentindən tələb edib ki, Azərbaycana münasibətdə obyektiv mövqe tutsun və bu yanaşmanı real addımlarla nümayiş etdirsin. Bu qərar qəbul edildikdən sonra Avropa Parlamenti ikitərəfli dialoqu bərpa etmək məqsədi ilə bir sıra addımlar atıb, o cümlədən öz deputatlarından ibarət səlahiyyətli nümayəndə heyətini Azərbaycana göndərib. Avropa Parlamentinin bu səylərindən sonra Milli Məclis əməkdaşlıq maraqlarını əsas tutaraq 2016-cı ilin sentyabr ayında münasibətlərin bərpasına dair qərar qəbul edib”.
Spikerin sözlərinə görə, ötən 10 il Avropa Parlamentinin Azərbaycan əleyhinə hərəkətlərdən əl çəkmək niyyətində olmadığını göstərib. İkinci Qarabağ müharibəsindən sonra təşkilatın fəaliyyətində anti-Azərbaycan ritorikası daha da güclənib:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın otuz illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi Avropa Parlamentinin Azərbaycana qarşı təxribatlarının intensivliyinin artmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 13 qətnamə qəbul edib.
Bütün bunlar həmin qurumun əslində hansı meyarlar əsasında fəaliyyət göstərdiyinin əsas sübutu sayıla bilər.
Şübhə yoxdur ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə məqsədyönlü fəaliyyəti ikitərəfli münasibətlərdə etimad mühitini pozub, eyni zamanda, konstruktiv dialoq və əməkdaşlıq perspektivlərinə sarsıdıcı zərbə vurub. Bu da aydındır ki, təşkilatın nümayiş etdirdiyi yanaşma regionda sülh və sabitlik yaradılmasına yönələn səylərə maneçilik törətməyə yönəlib”.
S.Qafarova çıxışının sonunda qeyd edib ki, Milli Məclis Avropa Parlamentinin dövlətimizə qarşı qərəzli fəaliyyətinə səssiz qala bilməz və məsələ barəsində qəti mövqeyini bildirəcək.
