"Basel III"ə keçid Azərbaycanın maliyyə sektorunda pozuntuların minimuma endirilməsinə imkan verib

Maliyyə Materials 30 Aprel 2026 19:52 (UTC +04:00)
"Basel III"ə keçid Azərbaycanın maliyyə sektorunda pozuntuların minimuma endirilməsinə imkan verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Basel III” standartlarının tətbiqinə mərhələli keçid Azərbaycan maliyyə sektorunda pozuntuların minimuma endirilməsinə imkan verib.

Trend bu barədə Beynəlxalq Valyuta Fondunun hesabatına istinadən məlumat verir.

Hesabata görə, makroprudensial siyasətin aktiv tətbiqi makroiqtisadi hədəflərə nail olunmasına töhfə verir və eyni zamanda maliyyə sabitliyi üçün yaranan riskləri azaldır.

“Basel III standartlarının tətbiqinə mərhələli keçid maliyyə sektorunda və kredit təklifində pozuntuları minimuma endirib, eyni zamanda sektorun kapital və likvidlik şoklarına qarşı dayanıqlığını artırıb. Nəzarətdə riskyönümlü yanaşmanın tətbiqi Azərbaycan Mərkəzi Bankına resurslardan istifadənin optimallaşdırılmasına imkan verəcək. Bununla belə, AMB gələcəkdə resursların yetərliliyinə qarşı sayıqlığı qoruyub saxlamalıdır, xüsusilə Basel III-ün ikinci komponenti çərçivəsində ayrı-ayrı bankların risklərinin daha dərindən qiymətləndirilməsi fonunda. Maliyyə “təhlükəsizlik yastıqları”, konsolidə edilmiş nəzarət və fövqəladə likvidlik mexanizmlərinin, o cümlədən zəruri qanunvericilik dəyişikliklərinin gücləndirilməsi istiqamətində işlər davam etdirilməlidir”, – deyə BVF hesabatında bildirilir.

Fond həmçinin hesab edir ki, orta müddətli fiskal konsolidasiya əsaslandırılmışdır və nəsillərarası ədalətin və iqtisadiyyatın xarici dayanıqlığının təmin edilməsinə töhfə verəcək. Xüsusilə, 2029-cu ilə qədər qeyri-neft kəsirinin ÜDM-in 13%-nə endirilməsi üzrə hədəf gələcək nəsillər üçün sabit real gəlirin qorunması məqsədinə uyğundur və karbohidrogenlərin yüksək qiymətlərindən əldə olunan əlavə gəlirlərin yığılmasını tələb edir.

BVF analitiklərinin fikrincə, fiskal siyasətə etimadın artırılması üçün gəlir və xərclər üzrə konkret tədbirləri əhatə edən aydın və kompleks strategiya zəruridir. Bu kontekstdə fond dövlət müəssisələrinin maliyyə monitorinqi üzrə yeni mexanizmi, eləcə də dövlət ödənişlərinin rəqəmsallaşdırılması və mərkəzləşdirilməsini müsbət qiymətləndirir. Bu kimi tədbirlər dövlət maliyyə resurslarının idarə olunmasını gücləndirir. Bununla yanaşı, BVF dövlət müəssisələrinə subsidiyaların azaldılmasının davam etdirilməsini, vergi güzəştlərinin optimallaşdırılmasını və vergi inzibatçılığının və tələblərə riayət səviyyəsinin gücləndirilməsini, o cümlədən TADAT üzrə özünüqiymətləndirmə və sonrakı xarici qiymətləndirmə çərçivəsində tədbirlərin davam etdirilməsini tövsiyə edir.

BVF vurğulayır ki, inflyasiya təzyiqlərinin qorunub saxlanması şəraitində, Mərkəzi Bank uçot dərəcəsini artırmalıdır.

“Orta müddətli perspektivdə inflyasiyanın azalacağı proqnozlaşdırılsa da, xarici qeyri-müəyyənlik və geosiyasi amillər, o cümlədən Yaxın Şərqdəki münaqişə səbəbindən onun artımı ilə bağlı risklər qalmaqdadır.”

Həmçinin pul-kredit siyasəti getdikcə daha çox inflyasiya ilə bağlı proqnozlara əsaslandığı üçün tənzimləyici tərəfindən şəffaf və qabaqlayıcı kommunikasiyanın vacibliyi vurğulanır . BVF-də bildirirlər ki, banklararası bazarın inkişafı və risksiz gəlirlilik əyrisinin formalaşdırılması, eləcə də dollarlaşma, yüksək əməliyyat xərcləri və bank sektorunda aşağı rəqabət kimi struktur problemlərin həlli transmisiya mexanizminin effektivliyinin artırılması üçün vacib şərtlər olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti