Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub

İqtisadiyyat Materials 1 May 2026 16:27 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bank tərəfindən rəqəmsal maliyyə xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biri “Açıq bankçılıq” yanaşmasının tətbiqidir. Bir sıra kommersiya banklarının inteqrasiya olunduğu bu ekosistemə ilk dəfə olaraq iki elektron pul təşkilatı — “Mpay” və “Qoldenpey” (Pulz) də qoşulub.

Trend bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Bildirilib ki, bu inteqrasiya ölkədə maliyyə texnologiyalarının inkişafına, innovativ ödəniş həllərinin genişlənməsinə və istifadəçilər üçün daha əlçatan rəqəmsal xidmətlərin formalaşmasına töhfə verir.

“Açıq bankçılıq” mexanizmlərinin tətbiqi istifadəçilərə müxtəlif maliyyə hesablarını vahid platforma üzərindən idarə etmək, eləcə də maliyyə məlumatlarına daha rahat və təhlükəsiz şəkildə çıxış əldə etmək imkanı verir.

İnteqrasiya həmçinin elektron pul təşkilatları üçün yeni imkanlar yaradır. Belə ki, “Açıq bankçılıq” mühiti innovativ məhsul və xidmətlərin inkişafını təşviq edir, bazar iştirakçıları arasında əməkdaşlığı gücləndirir və rəqabət qabiliyyətini artırır.

Beləliklə, bu təşəbbüs maliyyə əməliyyatlarında şəffaflığın yüksəldilməsinə, rəqəmsal iqtisadiyyatın genişlənməsinə və maliyyə inklüzivliyinin artırılmasına xidmət edir.

Qeyd edək ki, hazırda “Açıq bankçılıq” ekosisteminin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Növbəti mərhələlərdə digər iştirakçıların da ekosistemə qoşulması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti