Bakı. Trend:
Bank kartlarından ictimai nəqliyyat gedişlərinə görə ardıcıl vəsait çıxılması halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır.
Trend xəbər verir ki, bu barədə “K Group” MMC (BakıKart), “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin birgə açıqlamasında qeyd olunub.
Bildirilib ki, NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər.
"Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır. Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur.
Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur.
Qeyd edirik ki, sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir. Layihənin operatoru “BakıKart”dır. Mövzu ilə bağlı suallar yarandığı təqdirdə "BakıKart"a birbaşa müraciət edə bilərsiniz. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq", - məlumatda qeyd olunub.
