Avropa Parlamenti sülh prosesindən narahatdır və təzyiq edir - Azər Qarayev

Siyasət Materials 1 May 2026 13:22 (UTC +04:00)
Avropa Parlamenti sülh prosesindən narahatdır və təzyiq edir - Azər Qarayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

Politoloq Azər Qarayev mövzu ilə əlaqədar Trend-ə açıqlamasında bildirib ki, bu hadisə mahiyyət etibarilə təkcə diplomatik etiraz deyil, həm də Azərbaycan ilə Avropa İttifaqı arasında uzun müddətdir mövcud olan siyasi interpretasiya fərqlərinin yenidən kəskinləşməsidir.

"Səfirin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılması diplomatiyada “ciddi narazılıq siqnalı” kimi qəbul olunur və bu, tərəfin mövqeyini yalnız bəyanatla deyil, institusional kanalla ifadə etməsi deməkdir.

Əsas mübahisə predmeti Avropa Parlamentinin qəbul etdiyi qətnamədir. Azərbaycan tərəfi bu sənədi bir neçə istiqamətdə problemli sayır: ilk növbədə, faktların selektiv təqdim olunması, ikinci olaraq isə siyasi qiymətləndirmələrin regiondakı real proseslərlə uyğun gəlməməsi. Qətnamə obyektiv siyasi analizdən çox, birtərəfli yanaşma kimi görünür.

Şərhin ən vacib hissəsi ondan ibarətdir ki, burada sadəcə “fikir ayrılığı” deyil, narrativ toqquşması var. Azərbaycan tərəfi Qarabağla bağlı məsələləri artıq suverenlik və reinteqrasiya çərçivəsində bağlanmış hesab edir və bu mövzunun yenidən siyasi müzakirə predmetinə çevrilməsini qəbul etmir. Buna qarşılıq olaraq Avropa institutlarının bəzi bəyanatları hələ də humanitar və ya siyasi prizma üzərindən alternativ interpretasiyalar təqdim edir. Bu fərq tərəflər arasında struktur etimadsızlıq yaradır".

A.Qarayev bildirib ki, xüsusilə üç məsələ gərginliyin mərkəzində dayanır:

"Birincisi, Qarabağa erməni əhalinin geri qayıdışı ilə bağlı iddialardır. Azərbaycan tərəfi bunu reallığa uyğun olmayan və artıq baş vermiş demoqrafik-siyasi prosesləri təhrif edən yanaşma kimi qiymətləndirir.

İkincisi, saxlanılan şəxslərlə bağlı “müharibə əsiri” terminologiyasının istifadə edilməsidir. Rəsmi Bakı bu şəxslərin hüquqi statusunu milli məhkəmə prosesləri və cinayət tərkibli ittihamlar çərçivəsində izah edir və məsələnin beynəlxalq siyasi ritorikaya daşınmasını qəbul etmir.

Üçüncüsü, mədəni və dini irs mövzusudur. Azərbaycan tərəfi burada iki paralel tezis irəli sürür: bir tərəfdən öz ərazilərində dağıdılmış irs nümunələrinə beynəlxalq diqqətin az olduğunu iddia edir, digər tərəfdən isə hazırkı ittihamların faktoloji əsasının zəif olduğunu bildirir.

Bu kontekstdə Avropa İttifaqı ilə münasibətlərdə əsas problem hüquqi və siyasi yanaşmaların fərqli interpretasiyasıdır. Aİ daha çox normativ çərçivə, insan hüquqları və beynəlxalq hüquq terminologiyası üzərindən çıxış edir, Azərbaycan isə suverenlik, daxili işlərə müdaxilənin yolverilməzliyi və post-münaqişə reallıqları üzərindən mövqe formalaşdırır".

Politoloq vurğulayıb ki, diplomatik baxımdan bu cür qarşılıqlı bəyanatlar münasibətləri dərhal pozmur, lakin “soyuq siyasi məsafə” yaradır.

"Yəni iqtisadi və texniki əməkdaşlıq davam edə bilər, amma siyasi dialoq daha ehtiyatlı və daha az etimadlı mərhələyə keçir. Bu isə xüsusilə regionda normallaşma prosesinə təsir edə biləcək bir faktor kimi qiymətləndirilir. Bu hadisə tək bir qətnaməyə reaksiya deyil, daha geniş sistemli bir gərginliyin epizodudur. Tərəflər arasında əsas sual bundan ibarətdir: eyni hadisələr fərqli siyasi dillərlə necə şərh olunmalıdır və bu şərhlər əməkdaşlığı nə qədər davam etdirə bilər".

Politoloq qeyd edib ki, Avropa Parlamentinin qətnaməsini sadəcə iki ölkəyə təzyiq vasitəsidir.

"Aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə ölkələrimiz arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib. Görünür bu Avropa Parlamentini narahat edir.

Bu görüş Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin praktiki mərhələyə keçdiyini göstərən mühüm diplomatik addım kimi qiymətləndirilə bilər. Artıq Avropa Parlamenti də anlayır ki, iki ölkəyə təzyiq vasitəsi əldən çıxır. Buna görə də belə lazımsız bəyanatlar verir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti