Beynəlxalq Valyuta Fondu Azərbaycanın iqtisadi artımı ilə bağlı 2026-cı ilə olan proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 30 Aprel 2026 17:38 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu Azərbaycanın iqtisadi artımı ilə bağlı 2026-cı ilə olan proqnozlarını açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı ildə Azərbaycanın ÜDM artımının 2,1% səviyyəsində olacağını proqnozlaşdırır.

Trend bu barədə BVF-nin hesabatına istinadən məlumat verir.

Fondun qiymətləndirmələrinə görə, fiskal siyasətin tədricən yumşaldılması və inflyasiya təzyiqinin Mərkəzi Bankın hədəf diapazonu çərçivəsində mülayim səviyyədə qalması fonunda ölkədə iqtisadi artım sürətlənəcək.

“Proqnozlara görə, qeyri-neft ÜDM-in artımı 2026-cı ildə 3,7%-ə qədər sürətlənəcək, bundan sonra isə orta müddətli perspektivdə təxminən 3,5% səviyyəsində sabitləşəcək. Bu, 2026-cı ildə fiskal konsolidasiyanın zəifləməsini və geosiyasi gərginlik fonunda neft və qaz qiymətlərinin yüksəlməsinin dolayı təsirini əks etdirir. Bununla belə, bu müsbət təsirlər biznes etimadının və investisiya fəallığının azalması ilə qismən kompensasiya olunur”, – deyə hesabatda qeyd olunur.

BVF analitikləri qeyd edir ki, istehsal məhdudiyyətləri səbəbindən neft ÜDM-in artımı azalmağa davam edəcək: 2026-cı ildə 2% azalma, daha sonra isə azalmanın 0,5%-ə qədər yavaşlaması gözlənilir ki, bu da ümumi iqtisadi artımı məhdudlaşdıracaq və orta müddətli perspektivdə təxminən 2,5% təşkil edəcək.

BVF-nin proqnozlarına görə, Yaxın Şərqdəki münaqişələr səbəbindən idxal olunan ərzaq inflyasiyasının artması fonunda inflyasiya 2026-cı ilin sonuna qədər 6%-ə qədər sürətlənə bilər.

“Eyni zamanda, tədiyə balansının cari hesabının 2026-cı ildə karbohidrogen qiymətlərinin artması hesabına əhəmiyyətli dərəcədə yaxşılaşacağı, daha sonra isə orta müddətli perspektivdə tədricən zəifləyəcəyi gözlənilir. Azərbaycanın Dövlət Neft Fondunun (SOFAZ) aktivləri enerji daşıyıcılarının yüksək qiymətlərinin qorunması şəraitində artmaqda davam edəcək”, – deyə hesabatda bildirilir.

BVF həmçinin qeyd edir ki, Yaxın Şərqdə münaqişənin eskalasiyası həm enerji daşıyıcılarının qiymətlərinin artmasına və Azərbaycanın xarici iqtisadi göstəricilərinin yaxşılaşmasına, həm də qlobal ərzaq qiymətlərinin yüksəlməsi səbəbindən inflyasiya təzyiqinin güclənməsinə, eləcə də qeyri-müəyyənliyin və miqrasiya risklərinin artmasına səbəb ola bilər.

Eyni zamanda, BVF vurğulayır ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş iqtisadi artımın sürətlənməsi üçün əlavə imkanlar yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti