Bakı. Trend:
Bu gün Azərbaycandakı Qazaxıstan səfirliyində ölkələr arasında turizm əməkdaşlığının inkişafına yönəlmiş vahid Qazaxıstan-Azərbaycan tur operatoru “TurAn”ın yaradılması ilə bağlı təsis sənədlərinin imzalanmasının rəsmi mərasimi keçirilib.
Bu barədə Trend xəbər verir.
Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndələri, eləcə də sahənin aparıcı ekspertləri iştirak ediblər.
Layihə turizm bazarlarında təcrübəyə malik və beynəlxalq layihələr həyata keçirən Discover Jetisu (Qazaxıstan) və Smile Azerbaijan Tour (Azərbaycan) şirkətlərinin birgə səyləri ilə reallaşdırılıb. “TurAn” turizm sahəsində iki ölkənin kapitalının paritet (50/50) iştirakı ilə yaradılan ilk birgə Qazaxıstan - Azərbaycan özəl şirkətidir. Yeni şirkətin nizamnamə kapitalı 100 min ABŞ dolları təşkil edir. Şirkətin fəaliyyəti ekoturizm, mədəni və qastronomik turlar, həmçinin tibbi və işgüzar turizm daxil olmaqla geniş spektrli turizm xidmətlərini əhatə edəcək.
Açılışda Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ölkələr arasında əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, vahid tur operatorunun yaradılması ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə və regionun vahid turizm istiqaməti kimi beynəlxalq cəlbediciliyinin artmasına töhfə verəcək. Qeyd olunub ki, son illərdə qarşılıqlı turizm mübadiləsində müsbət dinamika müşahidə olunur və bu kimi təşəbbüslərin həyata keçirilməsi turist axınının daha da artırılmasına yönəlib. Diplomat 2024–2025-ci illərdə Qazaxıstanın Bakıdakı səfirliyi tərəfindən sahə üzrə əməkdaşlığın inkişafına yönəlmiş iki Qazaxıstan - Azərbaycan turizm forumunun təşkil olunduğunu xatırladıb.
Qazaxıstan və Azərbaycan arasında inkişaf etmiş hava əlaqəsi mövcuddur. Birbaşa uçuşlar "Air Astana", "FlyArystan" və "Azerbaijan Airlines" aviaşirkətləri tərəfindən Bakı–Astana, Almatı, Aktau, Atırau və Şımkent marşrutları üzrə həyata keçirilir. Həftəlik reyslərin ümumi sayı 30-u ötür. “TurAn”ın fəaliyyətə başlaması iki ölkənin turizm sektorunun inkişafında mühüm addım olacaq, investisiya fəallığının artmasına və beynəlxalq bazarlarda birgə turizm məhsullarının genişlənməsinə töhfə verəcək.
Sənədin imzalanma mərasimində "Discover Jetisu" (Qazaxıstan) və "Smile Azerbaijan Tour" (Azərbaycan) şirkətlərinin rəhbərləri – Aleksandr Aknazarov və Narina Mahmudova iştirak ediblər. Tərəflər qeyd ediblər ki, vahid Qazaxıstan–Azərbaycan tur operatoru “TurAn”ın yaradılması ölkələr arasında turist axınının intensivləşdirilməsi, investisiya və mədəni cəlbediciliyin artırılması vasitəsilə ikitərəfli əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu isə regionun vahid turizm istiqaməti kimi beynəlxalq cəlbediciliyinin artmasına da müsbət təsir göstərəcək.
2018-ci ildə yaradılan "Smile Azerbaijan Tour" turizm xidmətlərinin tam spektrini təqdim edir. İnkişafın əsas istiqamətlərindən biri turizm xidmətlərinin satışı üçün B2B və B2C sistemi kimi fəaliyyət göstərən "Gettripto" beynəlxalq turizm platformasıdır. "Smile Azerbaijan Tour" MMC "Azerbaijan Tourism Board"un tərəfdaşıdır, beynəlxalq turizm təchizatçıları və texnoloji platformalarla əməkdaşlıq edir.
