Bakı. Trend:
Budapeşt Korvinus Universitetində keçirilən “Mədəniyyət Günü” adlı tədbirdə Azərbaycanın zəngin mədəni irsi nümayiş olunub.
Trend xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin, Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının (AYİD) və azərbaycanlı tələbələrin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə qurulan Azərbaycan guşəsi iştirakçıların xüsusi marağına səbəb olub. Guşədə ölkəmizə məxsus milli geyimlər, ənənəvi rəqs nümunələri və zəngin kulinariya mədəniyyəti nümayiş etdirilib.
Budapeşt Korvinus Universitetinin rektoru Bruno van Pottelsberghe də Azərbaycan stendini ziyarət edərək ölkəmizin zəngin mədəni irsi ilə yaxından tanış olub. O, milli mətbəximizə aid müxtəlif təamlardan dadıb, Azərbaycan mədəniyyətinin rəngarəngliyini yüksək qiymətləndirib.
Daha sonra azərbaycanlı tələbələrin ifasında “Mirzəyi”, “Sarı gəlin” və “Uzundərə” rəqsləri tədbirə xüsusi rəng qatıb.
Soydaşlarımızın fəal iştirakı ilə keçirilən tədbir Azərbaycan mədəniyyətinin beynəlxalq mühitdə tanıdılmasına və mədəni əlaqələrin genişləndirilməsinə mühüm töhfə verib.
