Bakı. Trend:
Avropa İttifaqı vahid şarj standartının tətbiqi ilə bağlı tələbləri genişləndirərək onları noutbuklara da şamil edib.
Trend xarici mediaya istinadla xəbər verir ki, aprelin 29-dan etibarən Aİ ərazisində satılan bütün yeni modellər “USB Type-C” interfeysi vasitəsilə şarjı dəstəkləməlidir.
Bununla yanaşı, tənzimləyici 100 vattdan yuxarı enerji istehlakı olan qurğular üçün istisna nəzərdə tutub. Bu kateqoriyaya, ilk növbədə, oyun və yüksək məhsuldarlığa malik noutbuklar daxildir və onlar üçün xüsusi (proprietar) enerji yuvalarının tətbiqinə icazə verilir.
Aİ-nin qiymətləndirməsinə görə, vahid standartın tətbiqi əlavə şarj cihazlarının alınmasına ehtiyacın azalması hesabına istehlakçılara hər il təxminən 250 milyon avro qənaət etməyə imkan verəcək.
