Bakı. Trend:
Məktəblərdə tərbiyə məsələlərinin ön plana çəkilməsi olduqca vacibdir.
Trend xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün Bakıda “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, təhsilin mərkəzində uşaq dayanmalıdır:
"Təhsilin əsas iştirakçısı uşaqlardır. İctimai şəxslər və dövlət
məmurları uşaqların təhsilini və həyat keyfiyyətini yaxşılaşdırmaq
üçün əllərindən gələni etməlidirlər. Şəxsi maraqlarını uşaqların
ehtiyaclarının önünə keçirməməli, əksinə, bütün təşəbbüslərini
uşaqların inkişafı ətrafında formalaşdırmalıdırlar. Qarşılıqlı
əməkdaşlığa əsaslanan iş modelinin qurulması son dərəcə vacibdir.
Bu işin mahiyyəti uşağı prosesin mərkəzinə qoymaq və bütün
müzakirələri onun ətrafında aparmaqdan ibarətdir. Təəssüf ki, bəzən
müzakirələr uşaqlar üçün deyil, sadəcə uşaqlar ətrafında aparılır.
Halbuki əsas məqsəd uşağın real ehtiyaclarını anlamaq və ona uyğun
həll yolları tapmaq olmalıdır. Uşaq tərbiyəsi isə xüsusi həssaslıq
tələb edən mühüm bir sahədir. Tərbiyə məsələləri mürəkkəbdir və
tərbiyəliliyi ölçmək hər zaman asan olmur. Buna baxmayaraq,
məktəblərdə tərbiyə məsələlərinin ön plana çəkilməsi olduqca
vacibdir.
Dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması cəmiyyət
üçün daha sağlam, məsuliyyətli və düşüncəli fərdlərin yetişməsinə
zəmin yarada bilər".
