Bakı. Trend:
İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC (ABDF) tərəfindən indiyədək sahibkarların 52 layihəsi üzrə banklardan əldə etdiyi 66,8 milyon manat kreditə 56,5 milyon manat həcmində dövlət zəmanəti verilib.
Trend bu barədə fonda istinadən xəbər verir.
Məlumata əsasən, bu layihələr üzrə 17,3 milyon manat məbləğində subsidiya təsdiqlənib.
“ABDF tərəfindən tətbiq edilən zəmanət və subsidiya mexanizmi sahibkarların maliyyə resurslarına çıxışını daha da asanlaşdırır və kredit risklərini minimuma endirir. Mexanizmə əsasən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda, kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər olan müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditlər üçün əlavə güzəşt müddəti tətbiq olunur”, - məlumatda qeyd edilib.
