BƏƏ-nin təşkilatdan çıxması OPEK+un ehtiyat gücləri üzərində nəzarətini zəiflədir - "Rystad Energy"

Energetika Materials 30 Aprel 2026 10:28 (UTC +04:00)
BƏƏ-nin təşkilatdan çıxması OPEK+un ehtiyat gücləri üzərində nəzarətini zəiflədir - "Rystad Energy"
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mayın 1-dən OPEK+ sazişindən çıxmaq qərarı neft bazarı iştirakçılarının ciddi şəkildə diqqətini cəlb edib və bu addım mövcud konyunkturaya qısamüddətli reaksiya deyil, uzunmüddətli strateji yenidən istiqamətlənməni əks etdirir.

Bunu Trend-ə Norveçin “Rystad Energy” konsaltinq şirkətinin neft əmtəə bazarları üzrə vitse-prezidenti Priya Valiya bildirib.

Onun sözlərinə görə, bu addım Əbu-Dabinin hasilat güclərini artırmaq ambisiyaları ilə kvotaların kollektiv idarə olunması ilə əlaqəli məhdudiyyətlər arasında uzun illər davam edən gərginliyin nəticəsidir.

“BƏƏ-nin təşkilatlardan çıxması qısamüddətli perspektivdə neft təklifinə əhəmiyyətli təsir göstərmir, halbuki ölkənin genişlənən resurs bazasını monetizasiya etməyə çalışdığı bir vaxtda hasilatın daha çevik idarə olunmasına doğru daha dərin strateji dönüşü əks etdirir”,- deyə Valiya qeyd edib.

O vurğulayıb ki, kvota sistemindən çıxış gələcək gözləntiləri dəyişir, OPEK+un ehtiyat hasilat gücləri üzərində nəzarətini zəiflədir və gələcəkdə tədarükün razılaşdırılmış məhdudiyyətlər vasitəsilə tənzimlənəcəyi ilə bağlı fərziyyəni sarsıdır.

“Çox güman ki, neft qiymətləri daha dəyişkən olacaq və getdikcə daha çox OPEK+ siyasət siqnallarından deyil, geosiyasi amillərdən asılı olacaq. Daha uzunmüddətli perspektivdə isə OPEK+un tədarükün koordinasiya mexanizmi kimi zəifləməsi əvvəlki dövrlərlə müqayisədə qiymətlərin enməsi risklərini artıra bilər”, - o əlavə edib.

Valiya qeyd edib ki, BƏƏ-nin qərarı ölkənin hasilatı genişləndirmək istəyi ilə kollektiv tənzimləmə məhdudiyyətləri arasındakı uzunmüddətli ziddiyyəti əks etdirir.

Son illər ərzində ölkə, 2025-ci ildə kvotanın sutkada 300 min barel artırılmasına baxmayaraq, sistematik şəkildə müəyyən edilmiş hasilat güclərindən aşağı səviyyədə hasilat həyata keçirib. Cari münaqişədən əvvəl hasilat səviyyəsi təxminən günə 3,4 milyon barel təşkil edib, lakin 2026-cı ilin aprelində hərbi amillər fonunda bu göstərici 1,5 milyon barelədək azalıb.

ADNOC dövlət neft şirkəti vasitəsilə həyata keçirilən hasilatın genişləndirilməsi layihələri artan natarazlığın əsas amilinə çevrilib. Belə ki, “Upper Zakum Expansion 2” layihəsi artıq 2026-cı ildə sutkada əlavə 200 min barel, “Bu Hasa” — 2027-ci ildə daha 90 min barel, South East Bab isə 2028-ci ildə 130 min barel əlavə edəcək.

Bununla yanaşı, BƏƏ 2027-ci ilədək hasilat gücünü günə 5 milyon barelə çatdırmağı və sonrakı mərhələdə bunu 6 milyon barelədək artırmağı hədəfləyir ki, bu da kvota sistemi ilə getdikcə daha çox ziddiyyət təşkil edirdi.

“Rystad Energy”nin məlumatına görə, 2026-cı ilin fevral ayına OPEK+ ölkələrinin ümumi ehtiyat hasilat gücü təxminən sutkada 5,98 milyon barel qiymətləndirilirdi. Bu həcmdən təxminən 1,54 milyon barel - yəni təxminən 25% - BƏƏ-nin payına düşürdü.

Ölkənin sazişdən çıxması ilə, OPEK+ faktiki olaraq bu ehtiyatların əhəmiyyətli hissəsi üzərində birbaşa nəzarəti itirir ki, bu da alyansın tədarükdəki fasilələrə operativ reaksiya vermək imkanlarını azaldır.

“Bu o anlama gəlmir ki, BƏƏ dərhal hasilatı artıracaq, ona görə ki, regional münaqişə ilə bağlı mövcud əməliyyat və logistika məhdudiyyətləri artımı məhdudlaşdırır. Lakin vəziyyət normallaşdıqca bu həcmlər artıq koordinasiya olunmuş deyil, kommersiya əsaslı şəkildə bazara qayıdacaq”,- deyə Valiya izah edib.

Münaqişədən əvvəl OPEK+ın səkkiz ölkəsi sutkada təxminən 34 milyon barel hasilat təmin edirdi ki, bu da dünya üzrə neft və kondensat tədarükünün təxminən 38%-nə uyğun gəlirdi.

BƏƏ-nin çıxışından sonra qrupda qalan ölkələrin payı təxminən 4 faiz bəndi azalacaq, eyni zamanda səkkiz və yeddi iştirakçıdan ibarət formatlar arasında potensial hasilat həcmləri üzrə fərq 2026-cı ilin ikinci yarısında daha da nəzərəçarpacaq dərəcədə artacaq,- deyə Valiya fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti