Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri üzrə yenilənmiş proqnozunu təqdim edib və orta müddətli perspektivdə onların sabit artımını gözlədiyini bildirib.
Bu barədə Trend məlumat verir.
Fondun məlumatına görə, SOFAZ-ın aktivləri 2023-cü ildə 56,07 milyard dollar təşkil edib, 2024-cü ildə 60,03 milyard dollara yüksəlib və 2025-ci ildə 73,54 milyard dollara çatıb.
BVF-nin proqnozuna əsasən, bu il aktivlər artmaqda davam edərək təxminən 76,05 milyard dollar təşkil edəcək. Növbəti illərdə də müsbət dinamikanın qorunacağı gözlənilir: göstərici 2027-ci ildə 77,9 milyard dollara, 2028-ci ildə 79,17 milyard dollara, 2029-cu ildə 80,63 milyard dollara, 2030-cu ildə 82,3 milyard dollara və 2031-ci ildə 84,24 milyard dollara qədər arta bilər.
