Bakı. Trend:
Sovet dövründə azərbaycanlılara ən doğma sosialist ölkələrindən biri də Vyetnam idi. Bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da Vyetnam xalqının ABŞ işğalına qarşı mübarizəsi heyrətlə izlənilirdi. 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Min Azərbaycana səfər etsə də, ikitərəfli münasibətlərdə xüsusi dinamika hiss olunmamışdı. Maraqlıdır ki, Vyetnamla münasibətlər məhz SSRİ-nin son onilliyində özünün ən yüksək həddinə çatmışdı. Bu isə ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdu.
1980-ci illərin əvvəlində Bakı və Vyetnamın Vunq Tau şəhərləri arasında qardaşlaşmış əlaqələr qurulmuşdu. Bunun səbəbi isə odur ki, şəhərdəki neft sənayesi müəssisələrində çalışan yerli mütəxəssislərin böyük əksəriyyəti Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) məzunlarıdır. Vunq Tau şəhərində Bakı adında küçə mövcuddur. Eyni zamanda Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən küçələrin biri Vunq Tau adını daşıyır.
1981-ci ildə Vyetnamın Sovet İttifaqı ilə birgə təşəbbüsü ilə “VietSovPetrol” şirkətinin yaradılmasında azərbaycanlı neftçılərin böyük rolu olmuşdu. Şirkətin ilk icraçı direktoru Cəlal Məmmədov olmuşdu. Eyni zamanda şirkətin ilk illərində burada əsasən azərbaycanlı mütəxəssislər çalışmış, əksər yerli əməkdaşlar isə sonralar əsasən Bakı Neft Akademiyasında təhsil almışdılar.
Görkəmli dövlət xadimi Heydər Əliyev 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsində çalışarkən sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfər etmişdi. Bu səfər keçmiş Sovet-Vyetnam münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyırdı. Məhz həmin səfərdən sonra Heydər Əliyev sovet rəhbərliyini Vyetnama iqtisadi və elmi-texniki kömək göstərməyə inandıra bilmişdi. Səfər çərçivəsində həmin vaxt Vyetnamın ən iri infrastruktur obyekti – Txanq Lonq körpüsü açılmışdı. Heydər Əliyev paytaxt Hanoyla yanaşı, ölkənin cənubundakı sahil şəhəri olan Vunqtauya da baş çəkərək, orada neft sənayesinin qurulması üçün görülən işlərlə tanış olmuş, bundan sonra azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin inkişafında daha fəal iştirakı müşahidə edilmişdi. Eyni zamanda Heydər Əliyevin səfərindən sonra Azərbaycanda müxtəlif sahələr üzrə təhsil alan vyetnamlı tələbələrin sayı artmışdı. SSRİ dövründə Azərbaycanda 5 mindən çox Vyetnamlı təhsil almış və onlardan bir çoxu Vyetnamın dövlət qurumlarında məsul vəzifələrdə çalışmışdı.
Heç də təsadüfi deyil ki, Vyetnam dövləti və xalqı Azərbaycanın müharibə dövründə və sonrakı zamanda Vyetnama verdiyi böyük dəstəyi, o cümlədən Heydər Əliyevin Vyetnama böyük diqqətini daim məmnunluqla xatırlayır. Vyetnamda Heydər Əliyevi Vyetnamın böyük dostu kimi qəbul edirlər. Bundan başqa, Azərbaycandan olan mütəxəssislərin Vyetnamdakı fəaliyyəti, xüsusən də Vyetnamın neft-qaz sənayesinin təşkilindəki əvəzsiz rolu, habelə Azərbaycan təhsil ocaqlarının minlərlə vyetnamlı məzununun Vyetnamın müharibədən sonrakı bərpası və inkişafında yaxından iştirakı Vyetnamda daim yüksək qiymətləndirilir.
23 sentyabr 1992-ci ildə Vyetnamın Azərbaycanın müstəqilliyini tanıması və diplomatik münasibətlərin qurulması ilə iki ölkə arasında əlaqələrin yeni mərhələsi başlamışdı. 2001-ci ildə Azərbaycanın Çindəki səfiri iqamətgahı Pekin şəhərində olmaqla eyni zamanda Vyetnama təyin olunmuşdu. 2009-cu ildə isə Vyetnamın Rusiyadakı səfiri eyni zamanda Azərbaycanda akkreditə olunmuşdu. 2013-cü ildə Azərbaycanın Vyetnamda səfirliyinin açılması ölkəmizin Vyetnam ilə mövcud tarixi əlaqələrin bərpası və inkişaf etdirməsi niyyətində olduğunu sübut edirdi.
Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı olan Prezident İlham Əliyev onun siyasi kursuna sadiq qalaraq, Vyetnamla münasibətlərə hər zaman xüsusi önəm verib. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki ölkə arasında yaxın dostluq və tərəfdaşlıq əlaqələrinə zəmin yaradıb. 2025-ci ilin 7-8 may tarixlərində Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri həyata keçirilib. Prezident və Baş katib “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” qəbul ediblər. Bundan əlavə, ölkələr arasında müxtəlif sahələrdə 10 sənəd imzalanıb. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müasir Vyetnamın banisi Ho Şi Minin anadan olmasının 135 illiyinə həsr olunmuş və Vyetnam-Azərbaycan əməkdaşlığını əks etdirən Memorial otağın açılış mərasimi baş tutub.
44 günlük Vətən müharibəsi zamanı 19 oktyabr 2020-ci il tarixində BMT Təhlükəsizlik Şurasında ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən TŞ sədrinin bəyanatı layihəsinə Qoşulmama Hərəkatının (QH) TŞ-dakı yeddi üzvü, o cümlədən Vyetnam tərəfindən münaqişə ilə bağlı 1993-cu ildə qəbul edilmiş qətnamələrin (nömrələri göstərilməklə) yekun sənədə daxil edilməsi təklifi irəli sürülüb və bununla Azərbaycanın ədalətli mövqeyi dəstəklənib. Bu xüsusda Azərbaycan Prezidenti cənab İlham Əliyev Vyetnamlı həmkarına təşəkkür məktubunu ünvanlayıb. Həmçinin 23-29 sentyabr 2025-ci il tarixlərində BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində “Better together: 80 years and more for peace, development and human rights” (Birlikdə daha yaxşı: 80 il və sülh, inkişaf və insan hüquqları naminə daha çox) mövzusu üzrə təşkil olunmuş ümumi müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə öz çıxışlarında birbaşa istinad edən cəmi səkkiz dövlət sırasında Vyetnam da yer alıb.
2017-ci ildə diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar Azərbaycan Prezidentinin qərarı ilə Vyetnam Prezidenti Administrasiyasının beynəlxalq əlaqələr idarəsinin rəisi xanım Vu Ha Le və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri vəzifəsində olarkən Nqhiyem Vu Khai (hazırda Dostluq Assosiasiyasının fəxri sədri) “Tərəqqi” medalı ilə təltif ediliblər.
19 oktyabr 2018-ci ildə ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun dəstəyi ilə Vyetnamın Ha Giang əyalətinin Giap Trung qəsəbəsində ibtidai məktəb inşa olunub.
23 sentyabr 2022-ci ildə Azərbaycan-Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi qeyd olunub, dövlət başçıları, xarici işlər nazirləri və parlament sədrləri arasında təbrik məktublarının mübadiləsi həyata keçirilib.
7-8 sentyabr 2024-cu ildə Vyetnamda baş vermiş şiddətli “Yanqi” qasırğasının fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə ölkəmiz tərəfindən AİDA xətti ilə Vyetnama 200 min ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.
2025-ci ilin sentyabr-oktyabr aylarında Vyetnamda baş vermiş sel fəlakətlərinin səbəb olduğu zərərin aradan qaldırılması məqsədilə ölkəmiz tərəfindən 100 min ABŞ dollar məbləğində maliyyə yardımı edilib.
2026-cı ilin 18 mart tarixində Vyetnamın şimal-şərqindəki Laokay (keçmiş adı Yen Bay) əyalətinin Lukyen qəsəbəsində “Yaqi” qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının dəstəyi ilə 1400 şagirdin təhsil alacağı Çan Fu məktəbinin yeni korpusunun açılışı olub.
Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Vyetnam münasibətləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu isə iki ölkə arasındakı qarşılıqlı etimada söykənən dostluq münasibətlərinin əyani təzahürüdür.
