Ailə, qadın və uşaq məsələləri üzrə tematik istiqamətlərdə panel müzakirəsi təşkil edilib

Cəmiyyət Materials 30 Aprel 2026 16:49 (UTC +04:00)
Ailə, qadın və uşaq məsələləri üzrə tematik istiqamətlərdə panel müzakirəsi təşkil edilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

"Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfrans çərçivəsində ailə, qadın və uşaq məsələləri üzrə tematik istiqamətlərdə panel müzakirəsi təşkil edilib.

Trend xəbər verir ki, panel müzakirəsində Milli Məclisin deputatı Mübariz Qurbanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, ADA Universitetinin Təhsil fakultəsinin dekanı Ülviyyə Mikayılova, beyin inkişafı üzrə mütəxəssis, neyropsixoloq Aytəkin Aslan, Strateji Kommunikasiyalar Mərkəzinin nümayəndəsi Humay Axundzadə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və Tədqiqat sektorunun müdiri Esmira Qasımova çıxış ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxışında bildirib ki, dövlət həssas qruplara yalnız “həssas yanaşma” ilə kifayətlənməməlidir. Onun sözlərinə görə, inklüzivliyi institusionallaşdırmalıdır:

"Xüsusi müdafiə, reabilitasiya, reinteqrasiya və erkən aşkarlanma mexanizmləri sistemli şəkildə qurulmalıdır. İnklüzivləşmə üçün ayrıca və dayanıqlı büdcə formalaşdırılması vacibdir.

Uşaq hüquqlarının strateji müdafiəsinə xüsusi önəm verilməlidir. Bu sahə ölkənin sosial-iqtisadi inkişafı baxımından kritik risk faktoru kimi qiymətləndirilməlidir. Hüquqi normaların gündəlik həyat davranışlarına çevrilməsi isə əsas hədəflərdən biri olmalıdır".

ADA Universitetinin Təhsil fakultəsinin dekanı Ülviyyə Mikayılova isə çıxışında dünya təcrubəsinə diqqət çəkib:

"Yüksək sosial-iqtisadi göstəricilərə malik valideynlərin uşaqları tədqiqatlarda, adətən, daha yaxşı nəticələr göstərir. Az təminatlı və həssas qruplara aid ailələrin uşaqları isə məktəblərdə nisbətən daha aşağı nəticələr əldə edir. Dünya üzrə bəzi nümunələr göstərir ki, bu fərqləri minimuma endirmək mümkündür. Məsələn, Estoniya, Vyetnam, Şanxay və Çin kimi təhsil sistemlərində sosial mənşədən qaynaqlanan maneələrin əhəmiyyətli dərəcədə azaldılmasına nail olunub və bütün dünya hazırda bu modelləri nümunə götürür".

Neyropsixoloq Aytəkin Aslan isə çıxışında uşaqların psixi sağlamlığı məsələsindən danışıb. Onun sözlərinə görə, ÜST-nin statistikasına görə, dünya üzrə hər yeddi uşaqdan biri psixoloji problem yaşamaqdadır:

"Ailələrdə sağlam ünsiyyətin getdikcə azalması müşahidə olunur. Bu isə nüvə ailələrdə münasibətlərin qeyri-sabitliyinə gətirib çıxarır. Belə mühitdə böyüyən uşaqların psixoloji sağlamlığına ciddi təsir göstərir. Neyropsixoloji tədqiqatlar göstərir ki, emosional ehtiyacları qarşılanmayan uşaqlarda özünəqapanma, diqqət pozğunluğu və aqressiv davranışlar daha çox müşahidə olunur. Əksinə, emosional ehtiyacları dəstəklənən uşaqlar stresslə daha yaxşı mübarizə aparır və özlərini daha rahat ifadə edə bilirlər. Son illərdə uşaqlarda ciddi davranış pozğunluqları müşahidə edilir. Bunun da əsas səbəbi texnologiyalar və ailədaxili problemlərdir".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı isə çıxışında bildirib ki, uşaq siyasəti yalnız uşağın qorunması deyil, uşağın gələcək insan kapitalı kimi yetişdirilməsini nəzərdə tutmalıdır:

"Erkən uşaqlıq inkişafı, psixoloji sağlamlıq, keyfiyyətli təhsil birlikdə gələcək əmək bazarının keyfiyyətini müəyyən edir.

Azərbaycanın “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” uşaqların müdafiəsi, erkən uşaqlıq dövründə inkişafına dövlət dəstəyi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, sağlam mühitdə böyümə və uşaq siyasəti üzrə monitorinq-qiymətləndirmə sisteminin inkişafını əsas istiqamətlər kimi müəyyən edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti