Bakı. Trend:
Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 17 iyun 2022-ci ildən bəri ilk dəfə 120 dollar həddini keçib.
Trend xəbər verir ki, bunu birja göstəriciləri təsdiqləyir.
Bakı vaxtı ilə saat 23:32-yə olan məlumata əsasən, "Brent" markalı neftin dəyəri 7,88 faiz artaraq bir barel üçün 120,03 dollara yüksəlib.
Saat 23:37-də isə artım tempi nisbətən zəifləyib və neft bir barel üçün 119,95 dollar səviyyəsində satılıb ki, bu da 7,81 faizlik artım deməkdir. Bununla yanaşı, 2026-cı ilin iyun ayı üçün nəzərdə tutulan WTI markalı neft fyuçerslərinin qiyməti də 8,15 faiz bahalaşaraq bir barel üçün 108,07 dollara çatıb.
Ötən həftə Yaxın Şərqdə gərginliyin davam etməsi fonunda "Brent" markalı neftin qiyməti 105 dollara qədər yüksəlmişdi. Lakin Birləşmiş Ərəb Əmirliklərinin mayın 1-dən etibarən OPEC və "OPEC+" sazişindən çıxacağını açıqlamasından sonra bazarda eniş müşahidə olunmağa başlayıb. Beynəlxalq ekspertlər hesab edirlər ki, bu addım digər OPEC üzvlərinin də təşkilatı tərk etməsinə təkan verə və nəticədə neft qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər.