Bakı. Trend:
Yaz allergiyası immun sisteminin həssaslığı ilə bağlı olduğu üçün tam və birdəfəlik sağalma nadir hallarda mümkündür. Lakin düzgün müalicə və profilaktik tədbirlərlə xəstəliyi tam nəzarət altına almaq və uzunmüddətli rahatlıq əldə etmək mümkündür.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva açıqlayıb.
Onun sözlərinə görə müalicə üsullarına antihistamin dərmanlar, burun spreyləri və allergen-spesifik immunoterapiya daxildir:
“Xüsusilə immunoterapiya bəzi hallarda xəstəliyin gedişatını dəyişərək astmanın yaranma riskini azalda bilər və ya uzunmüddətli remissiya yarada bilər. Bu sualı dürüstcə cavablandırmaq lazımdır. Klassik mənada "tam sağalma" - yəni allergik meyilliliyin birdəfəlik yox olması - nadir hallarda baş verir. Sensibilizasiya, yəni immun yaddaş, ömürlük qalır. Lakin bu o demək deyil ki, müalicə oluna bilməz. Müalicə üsullarına antihistamin dərmanlar, burun spreyləri və allergen-spesifik immunoterapiya daxildir. Xüsusən Allergen immunoterapiya - AİT - bu sahədəki ən böyük irəliləyişdir. Subkutan (iynə ilə) və ya sublingual (dil altına damcı/tablet) formada verilən bu müalicə xəstəliyi modifikasiya edir, yalnız simptomları gizlətmir. 3-5 illik kurs tamamlandıqdan sonra simptom yükü orta hesabla 60-80 faiz azalır. Effekt müalicə bitdikdən sonra 3-7 il davam edir. Yeni allergenlərə sensibilizasiya yarıyarıya azalır. Ən önəmlisi - allergik rinitin astmaya keçidi 2-3 dəfə azalır. Ağır allergik astma varsa, bioloji preparatlarla müalicələr - həyat keyfiyyətini kökündən dəyişdirə bilər”.
