Bakı. Trend:
Özəl sektora dövlət dəstəyi davam edir və genişləndiriləcək.
Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bu dəstək alətlərinə xüsusi sənaye zonaları, işğaldan azad olunmuş ərazilərdə vergi və digər ödənişlər üzrə güzəştlər, sosial ödənişlərdə imtiyazlar, kommunal xərclərlə bağlı dəstək mexanizmləri, eləcə də kredit faizlərinə subsidiyalar daxildir:
"Bu alətlər artıq öz cəlbediciliyini sübut edib və bundan sonra da inkişaf etdiriləcək. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının ölkə iqtisadiyyatında rolunun artacağı və gələcəkdə daha da güclənəcəyi proqnozlaşdırılır. Hesab edirik ki, Zəngəzur dəhlizinin açılması bu baxımdan ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək".
Nazir, həmçinin qeyd edib ki, qabaqlayıcı addım kimi dövlət tərəfindən vergi güzəştləri və xüsusi vergi rejimlərinin tətbiqi üçün əvvəlcədən şərait yaradılır.
Bundan əlavə nazir bildirib ki, ölkənin nəqliyyat-logistika sektorunun sürətli inkişafı yalnız xaricdən gələn yüklərin daşınmasına deyil, ilk növbədə milli iqtisadiyyatın gücləndirilməsinə və Azərbaycanda istehsal olunan məhsulların yaxın və uzaq bazarlara çıxarılmasına xidmət edir. Onun sözlərinə görə, bu sahədə üç əsas elementdən ikisi – bağlantılar və ticarət rejimi məsələləri artıq həll olunub. Nazir vurğulayıb ki, sahibkarların hansı bazarlara çıxmaq istədiklərini daha çox eşitmək vacibdir. Lakin hazırda Azərbaycanın müvafiq ticarət sazişlərinin məhdudluğu səbəbindən yüksək gömrük rüsumları və tariflər qalmaqdadır. O qeyd edib ki, ölkənin dayanıqlı inkişafı yalnız daxili bazarla məhdudlaşa bilməz və hər bir müəssisənin ixrac imkanları da eyni deyil.
İxracın təşviqi ilə bağlı nazir bildirib ki, nəqliyyat-logistika xərclərinin qarşılanması və ixracla bağlı digər xərclərin dəstəklənməsi məqsədilə dövlət tərəfindən yeni mexanizmlər tətbiq olunur və bu tədbirlərin nəticələri gözlənilir.
