Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün 175 ölkəni təmsil edən 23 350 nəfər qeydiyyatdan keçib.
Trend xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bu proses getdikcə intensivləşib və hazırda da davam edir.
"Çox sevindirici haldır ki, bu sayın 13,3%-i sahibkarlıq subyektlərini əhatə edir. Bu da Ümumdünya Şəhərsalma Forumu tarixində ən yüksək göstəricidir", - o qeyd edib.
Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.
