Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 28 Aprel 2026 16:20 (UTC +04:00)
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 28-də Azərbaycan Respublikası maliyyə nazirinin müavini Himalay Məmişov ölkəmizdə səfərdə olan Dünya Bankının “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) və “Yaşana bilən Bakı” layihələri üzrə identifikasiya missiyaları ilə görüşüb.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı Dünya Bankının Azərbaycanın kənd təsərrüfatı və ərzaq sektorunun inkişafına göstərdiyi dəstək, CRAIS layihəsinin hazırlanması və icrası, eləcə də “Yaşana bilən Bakı” layihəsi üzrə növbəti mərhələlərə hazırlıq məsələləri müzakirə olunub.

Himalay Məmişov Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli əməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edərək, kənd təsərrüfatı və suvarma infrastrukturunun modernləşdirilməsi, eləcə də şəhərsalma sahəsində görülən işlər barədə fikirlərini bölüşüb.

Maliyyə nazirinin müavini kənd təsərrüfatının dayanıqlı inkişafına və suvarma infrastrukturunun müasirləşdirilməsinə xidmət edən CRAIS layihəsinin fiskal çərçivə, investisiya prioritetləri və mərhələli yanaşma prinsipləri əsasında həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Eyni zamanda “Yaşana bilən Bakı” layihəsi çərçivəsində şəhər infrastrukturunun təkmilləşdirilməsi, ekoloji tarazlığın yaxşılaşdırılması və ictimai xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin kompleks yanaşma əsasında mərhələli şəkildə həyata keçiriləcəyi qeyd edilib.

Öz növbəsində, Avropa və Mərkəzi Asiya Regionunun Kənd Təsərrüfatı və Ərzaq üzrə regional meneceri Holger Kray Dünya Bankı ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O, qeyd edilən layihələrin Azərbaycanın kənd təsərrüfatı və şəhərsalma sahələrində dayanıqlı inkişafın dəstəklənməsində mühüm rol oynadığını, bu istiqamətdə institusional potensialın gücləndirilməsi və nəticəyönlü yanaşmanın tətbiqinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı, həmçinin, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, cari layihələrin icra mexanizmlərinin təkmilləşdirilməsi və növbəti mərhələlər üzrə prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti