Bakı. Trend:
İspaniyanın IE Universitetinin Bakıda fəaliyyət göstərəcək Liderlik və İnnovasiya Mərkəzi sadəcə təhsil təşəbbüsü deyil, Azərbaycanın gələcəyinə strateji investisiyadır.
Trend xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışı zamanı deyib.
“Bu gün biz sadəcə bir sənəd imzalamırıq. Biz Azərbaycanda ideyalar, liderlik və innovasiyalar üçün yeni platforma açırıq. Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması mühüm addımdır. Bu, Azərbaycanı Avropanın aparıcı akademik və intellektual institutlarından biri olan IE Universitetinə bağlayır və İspaniya ilə əməkdaşlığımıza yeni təkan vermiş olur. Bizim üçün bu layihə daha geniş məna daşıyır. Söhbət insanlardan, istedaddan, qlobal düşünən, yaradıcı fəaliyyət göstərən və gələcəyin iqtisadiyyatını quran yeni liderlər nəslinin hazırlanmasından gedir”, nazir müavini bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan sabit, dinamik inkişaf edən və iddialı bir ölkədir.
“Biz infrastrukturun inkişafına, bağlantının gücləndirilməsinə, sənaye zonalarına, rəqəmsal transformasiyaya və beynəlxalq tərəfdaşlıqlara investisiya yatırırıq. Coğrafi mövqeyimiz bizə strateji üstünlük verir. İqtisadi siyasətimiz isə istiqaməti müəyyənləşdirir. Lakin uzunmüddətli uğurun əsas hərəkətverici qüvvəsi insan kapitalıdır. Yollar, limanlar, sənaye parkları və texnologiyalar vacibdir. Amma səriştəli insanlar olmadan onlar sadəcə infrastruktur olaraq qalır. Güclü insan kapitalı olduqda isə onlar inkişafın hərəkət verici qüvvəsinə çevrilir”, E. Əliyev əlavə edib.
O vurğulayıb ki, məhz buna görə bu Mərkəz sadəcə təhsil təşəbbüsü deyil, Azərbaycanın gələcəyinə strateji investisiyadır.
“Bu, həm də dövlət, biznes və beynəlxalq tərəfdaşların necə effektiv şəkildə birgə işləyə biləcəyinin bariz nümunəsidir. Xüsusi olaraq, “PASHA Holding” və SOCAR-ın rolunu qeyd etmək istərdim. Onların iştirakı göstərir ki, özəl sektorumuz bir həqiqəti aydın şəkildə anlayır: insanlara investisiya ən vacib investisiyadır. Bu təşəbbüs həmçinin Azərbaycan ilə İspaniya arasında münasibətlərə yeni ölçü verir. Ölkələrimiz artıq ticarət, investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiyalar və innovasiyalar sahələrində əməkdaşlıq edir”, – deyə o bildirib.
E. Əliyev qeyd edib ki, strateji iqtisadi dialoq və qəbul edilmiş Yol Xəritəsi əməkdaşlığın dərinləşdirilməsi üçün praktik əsas yaradır.
“Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İspaniyanın Baş naziri Pedro Sançes səviyyəsində razılaşdırılmış Azərbaycan-İspaniya Universitetinin qarşıda yaradılması ikitərəfli gündəliyimizdə mühüm mərhələ olacaq”,- deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, bu addım təhsil, elm, innovasiya və insan kapitalının inkişafı sahəsində əməkdaşlığın institusionallaşdırılmasına imkan verəcək, eyni zamanda cəmiyyətlərimiz arasında möhkəm körpü yaradacaq.
“Mən əminəm ki, təhsil və insan kapitalı Azərbaycan ilə İspaniya arasında ən perspektivli körpülərdən birinə çevrilə bilər. Bugünkü tədbir isə bu istiqamətdə konkret addımdır”, – deyə E. Əliyev əlavə edib.
