Bakı.Trend:
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “2024–2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyasının 2025-ci il üzrə icra statusu haqda hesabatında bank sektorunda atılacaq növbəti addımları müəyyən edib.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Məlumata görə, risk əsaslı tənzimləmə və nəzarət modelinə uyğun olaraq nəzarət proseslərinin təkmilləşdirilməsi planlaşdırılır.
Eyni zamanda bank nəzarəti çərçivəsinin Bazel Əsas Prinsiplərinə uyğunluq səviyyəsinin artırılması istiqamətində uzunmüddətli likvidliyinin idarə edilməsinə dair tələblərin tətbiqi nəzərdə tutulur. Bundan başqa, bank rezolyusiyası üzrə qanunvericilik və normativ çərçivənin təkmilləşdirilməsi, ICAAP implementasiyası üzrə tələblərin hazırlanması və banklara dəstək planlaşdırılır.
Qeyd olunur ki, alternativ maliyyə alətləri üçün müvafiq tənzimləyici mexanizmlərin yaradılması və uyğunlaşdırılması, həmçinin bəzi SupTech həllərinin tətbiqi planlaşdırılır.
Bundan əlavə, AMB öz hədəfləri sırasına İslam bankçılığı məhsullarına çıxışın genişləndirilməsi perspektivlərinin müəyyən edilməsini və kənd təsərrüfatı şirkətlərinin maliyyələşdirilmə imkanlarının artırılmasını, xüsusilə mikro, kiçik və orta sahibkarlıq müəssisələrinə xüsusi diqqət yetirilməsini daxil edib.
