Azərbaycan ilə Çexiya arasında münasibətlər konkret layihələr və təşəbbüslərlə zənginləşir - Azər Qarayev

Siyasət Materials 28 Aprel 2026 18:25 (UTC +04:00)
Azərbaycan ilə Çexiya arasında münasibətlər konkret layihələr və təşəbbüslərlə zənginləşir - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub və bu əməkdaşlıq artıq yalnız siyasi dialoq çərçivəsində deyil, həm də iqtisadi, enerji, sənaye və texnoloji sahələrdə konkret layihələr və təşəbbüslərlə zənginləşir. Aprelin 27-də Qəbələdə keçirilən yüksək səviyyəli görüşlər və biznes-forum bu münasibətlərin yeni mərhələyə keçdiyini bir daha nümayiş etdirdi.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çexiyanın Baş naziri Andrey Babiş arasında keçirilən görüşlər göstərdi ki, tərəflər arasında siyasi dialoq artıq sabit və davamlı xarakter alıb. Cəmi üç ay əvvəl Davosda baş tutmuş ilk görüşdən sonra qısa müddət ərzində rəsmi səfərin reallaşması münasibətlərin intensivliyindən xəbər verir. Bu dinamika iki ölkənin qarşılıqlı maraqlarının üst-üstə düşdüyünü və əməkdaşlığın genişləndirilməsi üçün real zəminin mövcud olduğunu təsdiqləyir. Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi vurğulayaraq qeyd edib: "Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var".

Bu siyasi dialoq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də regional və qlobal məsələlərin müzakirəsini əhatə edir. Bu isə Azərbaycan və Çexiyanın beynəlxalq platformalarda da əməkdaşlıq imkanlarının geniş olduğunu göstərir", - politoloq bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Çexiya münasibətlərinin əsas istiqamətlərindən biri enerji sahəsidir.

"Azərbaycan uzun illərdir ki, Çexiyanın əsas neft təchizatçılarından biridir və bu əməkdaşlıq artıq strateji xarakter daşıyır. Çexiya tərəfi də bunu açıq şəkildə etiraf edir. Baş nazir Andrey Babiş çıxışında bildirib: "Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur". Bu fakt təkcə iqtisadi göstərici deyil, həm də enerji təhlükəsizliyi baxımından Azərbaycanın Avropa üçün əhəmiyyətini ortaya qoyur. Hazırda əməkdaşlıq yalnız neftlə məhdudlaşmır, tərəflər təbii qaz sahəsində də uzunmüddətli müqavilələr və yeni layihələr üzərində işləyirlər. Azərbaycanın Avropaya qaz ixracının genişlənməsi fonunda Çexiyanın bu sahəyə marağı artmaqdadır. Bu əməkdaşlıq həm də Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti ilə üst-üstə düşür. Beləliklə, Azərbaycan regionun əsas enerji təminatçılarından biri kimi mövqeyini daha da möhkəmləndirir. İki ölkə arasında iqtisadi əlaqələr son illərdə ciddi artım nümayiş etdirib", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, ticarət dövriyyəsinin 800 milyon dollardan çox olması bunu təsdiqləyir.

"Lakin tərəflər bu göstəricinin struktur baxımından daha balanslı olmasının vacibliyini qeyd edirlər. Prezident İlham Əliyev bu barədə bildirib: "Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq". Azərbaycan tərəfi xarici investorlar üçün əlverişli mühit yaratdığını da vurğulayır. Sabit valyuta siyasəti, aşağı xarici borc səviyyəsi və yüksək investisiya reytinqləri ölkənin iqtisadi cəlbediciliyini artırır. Son 20 ildə Azərbaycana 350 milyard dollar sərmayənin qoyulması bu mühitin real nəticəsidir. Çexiya şirkətlərinin Azərbaycana artan marağı da diqqət çəkir. 50-dən çox şirkətin biznes-forumda iştirakı göstərir ki, əməkdaşlıq yalnız niyyət mərhələsində deyil, konkret layihələr müstəvisində inkişaf edir. Sənaye, nəqliyyat, energetika, müdafiə və texnologiya sahələri əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan və Çexiya arasında əməkdaşlığın diqqət çəkən istiqamətlərindən biri də müdafiə sənayesidir. Çexiya bu sahədə Avropanın qabaqcıl ölkələrindən biri hesab olunur və müasir texnologiyalarla tanınır.

"Azərbaycan isə öz müdafiə sənayesini inkişaf etdirmək və yerli istehsalı genişləndirmək strategiyası həyata keçirir. Bu baxımdan birgə istehsal layihələri xüsusi əhəmiyyət daşıyır. Artıq bu istiqamətdə konkret danışıqların aparılması əməkdaşlığın praktik mərhələyə keçdiyini göstərir. Bundan əlavə, nəqliyyat və infrastruktur sahəsində də geniş imkanlar mövcuddur. Xüsusilə dəmir yolu, metro sistemləri və "ağıllı" nəqliyyat texnologiyaları sahəsində Çexiya şirkətləri Azərbaycanın maraq dairəsindədir. Azərbaycanın coğrafi mövqeyi onu mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkə artıq beynəlxalq tranzit marşrutlarının əsas iştirakçısına çevrilib. Bu kontekstdə Çexiya ilə əməkdaşlıq yeni imkanlar yaradır. Avropa ilə Asiya arasında yük daşımalarının artdığı bir dövrdə Azərbaycan üzərindən keçən marşrutların əhəmiyyəti daha da yüksəlir. Bu isə logistika, infrastruktur və nəqliyyat sahəsində birgə layihələrin sayının artmasına gətirib çıxara bilər", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, müasir dövrdə enerji əməkdaşlığı yalnız ənənəvi resurslarla məhdudlaşmır.

"Azərbaycan bərpaolunan enerji sahəsində də böyük planlar həyata keçirir. 2032-ci ilə qədər 8 giqavat gücündə yaşıl enerji istehsalı hədəfi ölkənin bu istiqamətdə ciddi addımlar atdığını göstərir. Çexiya şirkətləri bu sahədə texnologiya və təcrübə baxımından Azərbaycanın tərəfdaşı ola bilər. Eyni zamanda süni intellekt, məlumat mərkəzləri və innovasiya texnologiyaları da əməkdaşlığın yeni istiqamətləri kimi ön plana çıxır. İqtisadi əməkdaşlıqla yanaşı, turizm və humanitar sahələr də münasibətlərin inkişafında mühüm rol oynayır. Hər iki ölkə zəngin tarixə, mədəni irsə və turizm potensialına malikdir. Qəbələdə keçirilən tədbirlər də təsadüfi deyil. Qədim tarixə malik bu şəhər bu gün Azərbaycanın turizm mərkəzlərindən biri kimi çıxış edir. Turizm sahəsində əməkdaşlıq, birbaşa aviareyslərin artırılması və xalqlararası əlaqələrin genişləndirilməsi münasibətləri daha da dərinləşdirə bilər", - A.Qarayev bildirib.

Politoloq qeyd edib ki, Qəbələdə keçirilən görüşlər və biznes-forum Azərbaycan-Çexiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə göstərdi.

"Siyasi dialoqdan başlayaraq enerji, sənaye, nəqliyyat, innovasiya və turizm sahələrinə qədər geniş spektri əhatə edən əməkdaşlıq artıq strateji xarakter alır. Bu görüşlər və açıqlanan məqsədlər və hədəflər iki ölkə arasında münasibətlərin gələcəkdə daha da dərinləşəcəyini və yeni layihələrlə zənginləşəcəyini deməyə əsas verir. Mövcud potensial və qarşılıqlı maraqlar nəzərə alındıqda, Azərbaycan və Çexiya arasında əməkdaşlığın uzunmüddətli və dayanıqlı olacağı şübhə doğurmur", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti