Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərar

Cəmiyyət Materials 28 Aprel 2026 15:21 (UTC +04:00)
Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərar
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının Ali Məhkəməsi yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə mühüm hüquqi mövqe açıqlayıb.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, iş materiallarına əsasən təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq piyadanın ölümü ilə nəticələnən qəza törətməkdə ittiham olunub. Həmçinin onun hadisə yerini tərk etdiyi bildirilib. Eyni zamanda, şəxsin psixi pozuntudan əziyyət çəkməsi və əməlini dərk etmək və idarə etmək qabiliyyətində olmaması ilə bağlı məlumatlar da işdə yer alıb.

Apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutların kifayət etmədiyi qənaətinə gələrək təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilmədiyini əsas götürərək bəraət hökmü çıxarıb.

İşə baxan məhkəmə şahid ifadələrini, qanuni nümayəndənin izahatlarını və digər sübutları müqayisəli şəkildə təhlil edib. Qərarda qeyd olunub ki, bəzi şahidlərin ifadələri hadisənin başvermə şəraiti, avtomobili idarə edən şəxsin kimliyi və hadisədən sonrakı davranışlar barədə bir-birini qismən təsdiqləsə də, ziddiyyətli məqamlar mövcuddur. Həmçinin mobil operator məlumatlarının bəzi ifadələri tam təsdiqləmədiyi və təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə bağlı ekspert rəylərinin də nəzərə alındığı bildirilib.

Ali Məhkəmə iş materiallarını araşdıraraq vurğulayıb ki, sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu halında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli və ittihamın sübuta yetirilməsi üçün kifayət etməlidir. Qeyd edilib ki, təqdim olunan sübutlar təqsirləndirilən şəxsin hadisəni törətməsi ilə bağlı şübhələri aradan qaldırmaq üçün yetərli olmayıb.

Məhkəmə kollegiyası təqsirsizlik prezumpsiyası prinsipinə istinad edərək bildirib ki, şəxsin təqsirli bilinməsi yalnız onun təqsiri tam və şübhəsiz sübuta yetirildiyi halda mümkündür. Aradan qaldırıla bilməyən şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır.

Bununla yanaşı, Ali Məhkəmə qeyd edib ki, iş ibtidai istintaq orqanı tərəfindən ittiham aktı ilə deyil, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məqsədilə məhkəməyə göndərilib. Bu kateqoriyaya aid işlər üzrə məhkəmələr xüsusi prosedur qaydalarına əməl etməlidirlər. Belə hallarda apellyasiya instansiyası məhkəməsi şəxsin əməli törətməsinin sübuta yetirilmədiyi qənaətinə gəldikdə bəraət hökmü çıxarmaq əvəzinə cinayət işinə xitam verilməsi barədə qərar qəbul etməlidir.

Nəticədə, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin hökmünü ləğv edərək işi yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti