Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf strategiyasının 2025-ci il üzrə icra vəziyyəti hesabatı"nda ödəniş sektorunun inkişafı üzrə növbəti addımları müəyyənləşdirib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata əsasən, Mərkəzi Bank tərəfindən Ani Ödəniş Sistemlərinin (AÖS) funksional imkanlarının təkmilləşdirilməsi vasitəsilə sistemin tətbiq sahələrinin genişləndirilməsi, AÖS iştirakçılarının daxili informasiya sistemlərinin təkmilləşdirilmiş sistemin tələblərinə uyğunlaşdırılması işlərinin həyata kçeirilməsi nəzərdə tutulur.
Eyni zamanda AZQR standartının (Azərbaycan üzrə QR kod standartı) təkmilləşdirilməsi və likvidlik idarəetmə mexanizminin optimallaşdırılması, eləcə də rəqəmsal ödənişlərin sürətli inkişafını dəstəkləmək məqsədilə Milli Ödəniş Sisteminin (MÖS) idarəetmə strukturunun müəyyən edilməsi və zəruri tənzimləyici uyğunlaşdırmaların aparılması işlərinin görülməsi planlaşdırılır.
Bununla yanaşı, tənizmləyici qurum ödəniş sektoru üzrə risk əsaslı nəzarətin tətbiqinin təmin edilməsini də görüləcək işlərin siyahısına əlavə edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" 2025-ci ildə 85,6% icra edilib.
Dövr ərzində strategiya çərçivəsində Bank sektoru üzrə icra 86,3%, sığorta sektoru üzrə 80%, kapital bazarları üzrə 84,6%, ödəniş sektoru üzrə 86,5%, rəqəmsal maliyyə üzrə 84,7%, dayanıqlı maliyyə üzrə 100%, peşəkar inkişaf və maliyyə məlumatlılılığı üzrə icra 85,7% təşkil edib.
