Xarici dildə təhsil alanlar üçün Azərbaycan dili imtahanı keçiriləcək

Cəmiyyət Materials 29 Aprel 2026 11:45 (UTC +04:00)
Xarici dildə təhsil alanlar üçün Azərbaycan dili imtahanı keçiriləcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Həftəsonu xarici dildə təhsil alan şagirdlər üçün Azərbaycan dili imtahanı keçiriləcək.

Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, mayın 3-də keçiriləcək imtahan tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda 55 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Qeyd edək ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti