Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Friends of Western Balkans” İnstitutu ilə əməkdaşlıq çərçivəsində 27-28 aprel 2026-cı il tarixlərində Sloveniyanın Lyublyana şəhərində 36-cı Ali Səviyyəli Toplantısını təşkil edib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, “Qərbi Balkanlar yeni təhlükəsizlik geosiyasətinin burulğanında” mövzusuna həsr edilən tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, xüsusi elçilər, siyasətçilər və nüfuzlu ekspertlər iştirak ediblər.
Toplantı çərçivəsində Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar da iştirak edərək Qərbi Balkanlarda mövcud vəziyyət və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Tədbirin açılış mərasimində Sloveniyanın sabiq Prezidenti, “Friends of Western Balkans” İnstitutunun təsisçisi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Borut Pahor, eləcə də Mərkəzin digər üzvləri – Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç və Serbiyanın sabiq Prezidenti Boris Tadiç çıxış edərək Qərbi Balkanlar üçün siyasi sabitlik, təhlükəsizlik və Avropa perspektivinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə həmçinin Avstriya, Fransa, İtaliya, Böyük Britaniya və Almaniyanın Qərbi Balkanlar üzrə nümayəndələri iştirak ediblər. Bununla yanaşı, Albaniya parlamentinin spikeri də toplantıya qatılıb.
Toplantı çərçivəsində keçirilən sessiyalarda yeni təhlükəsizlik geosiyasətinin Avropa İttifaqının gələcəyinə və genişlənmə prosesinə təsiri, region ölkələrinin siyasi, iqtisadi və təhlükəsizlik vəziyyəti geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, NATO və Avropa İttifaqının genişlənməsinin regionun sabitliyi üçün rolu, eləcə də ABŞ, Rusiya, Çin və Türkiyə kimi xarici aktorların Qərbi Balkanlardakı təsiri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir çərçivəsində ilk dəfə olaraq Qərbi Balkan ölkələrinin hər biri üzrə ayrıca müzakirələr təşkil olunaraq onların Avropa İttifaqına üzvlük prosesində əldə etdikləri irəliləyişlər və mövcud çətinliklər daha dərindən təhlil edilib.
Tədbir çərçivəsində Mərkəzin Baş katibi Sloveniya Respublikasının Prezidenti, Albaniya parlamentinin spikeri, Slovakiya Prezidentinin xarici məsələlər üzrə müşaviri və Borut Pahor ilə ikitərəfli görüşlər keçirib
