Bakı. Trend:
İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib.
Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında şaxələndirmə istiqamətində mühüm nəticələr əldə olunub:
"Qeyri-neft-qaz sektorunun ÜDM-də payı əhəmiyyətli dərəcədə artıb. İqtisadiyyatın şaxələndirilməsində, xarici iqtisadi siyasətdə, beynəlxalq iqtisadi tərəfdaşların ölkəmizə gəlməsində özəl sektorun rolu böyükdür.
Azərbaycanın inkişafında vicdanla işləyən sahibkarlara təşəkkür edirik. Dövlət də daim sahibkarlığın, xüsusilə kiçik və orta biznesin genişləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü sahələrin inkişafı üçün müxtəlif mexanizmlərlə dəstək göstərir. Sahibkarlıq fəaliyyətinin qlobal çağırışlar fonunda dayanıqlı inkişafının təmin edilməsi üçün bu mexanizmlər daha da genişlənəcək.
Sahibkarlardan gözləntilərimizdən biri məhsuldarlığın artırılmasıdır. Bunun əsas şərti bilikli və bacarıqlı kadrlardır. Eyni zamanda, müəssisələrin texnoloji səviyyəsinin yüksəldilməsi və uzunmüddətli layihələrə sərmayə qoyuluşu da mühüm amillərdəndir".
Nazir vurğulayıb ki, sahibkarların ixrac imkanlarının genişlənməsi üçün nəqliyyat xərclərinin müəyyən hissəsinin dövlət tətəfindən qarşılanması məqsədilə dəstək tədbiri nəzərdə tutulur:
"Hazırda Ələt azad iqtisadi zonası, sənaye parkları, işğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri qüvvədədir. Bundan əlavə, bu ildən Naxçıvan Muxtar Respublikasında 10 illik vergi güzəştləri tətbiq edilir".
