Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada tikilməkdə olan binada baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, daha 12 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Moskva üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən bildirilib ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 3-cü hissəsi (tikinti və ya digər işlər aparılarkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümü) üzrə cinayət işi başlanıb.
xxx
15:05
Rusiyanın paytaxtı Moskvada tikintisi davam edən binada baş verən güclü yanğın nəticəsində azı 5 nəfər həyatını itirib .
Trend xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yanğın binanın ikinci və üçüncü mərtəbələrində baş verib. Ümumilikdə 31 nəfər xilas edilib.
Yanğının söndürülməsinə 200-dən çox xilasedici və 65 yanğınsöndürmə texnikası səfərbər olunub. Alovun artıq nəzarətə alındığı bildirilir.
Bundan əvvəl 3 nəfərin öldüyü, yeddi nəfərin yaralandığı bildirilirdi.
Yanğının səbəbi barədə rəsmi məlumat açıqlanmayıb.
