Bakı. Trend:
Niderland Azərbaycanla su sektoru üzrə əməkdaşlıq üçün böyük imkanlar görür.
Trend xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfiri Mariann de Yonq Kral günü münasibətilə Bakıda keçirdiyi brifinqdə danışıb.
“Biz daha fəal əməkdaşlıq edə biləcəyimiz, təcrübə mübadiləsi apara biləcəyimiz, eləcədə Azərbaycan cəmiyyəti və iqtisadiyyatına əlavə fayda verə biləcəyimiz istiqamətləri müəyyənləşdirməyə çalışırıq. Potensialı təkcə iqtisadiyyatda deyil, həm də ədliyyə sahəsində görürük. Lakin iqtisadi blokda üç istiqaməti xüsusi qeyd etmək istərdim: su ehtiyatları, kənd təsərrüfatı və nəqliyyat əlaqəliliyi ”, - deyə o vurğulayıb.
De Yonq qeyd edib ki, Niderland tarixən su ilə qarşılıqlı əlaqə şəraitində inkişaf edib – ölkə ərazisinin əhəmiyyətli hissəsi su ehtiyatlarının idarə olunması, torpaqların qurudulması və mühəndislik həlləri sayəsində formalaşıb.
“Bu sahədə bizim çoxəsrlik təcrübəmiz var. Azərbaycan da su məsələlərini prioritet kimi müəyyən etdiyindən, Niderland şirkətləri və institutları hökumət və özəl sektorla əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırırlar”, - deyə səfir əlavə edib.
