85 milyon manat sel fəsadlarının aradan qaldırılmasına yönəldiləcək - FHN

Cəmiyyət Materials 28 Aprel 2026 16:53 (UTC +04:00)
85 milyon manat sel fəsadlarının aradan qaldırılmasına yönəldiləcək - FHN
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu il mart ayının sonu aprelin əvvəlində respublikaının şimal rayonları və Abşeron rayonları ərazisində istisna təbiət hadisəsi baş verib. Belə ki, həmin günlərdə ölkə ərazisinə həddindən artıq yağıntılar düşüb. Təkcə 3 gün ərzində Abşeron yarımadasında illik statistik normanın 50%-dən artıq normada yağış yağması qeydə alınıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in nümayəndəsi Elxan Əsədov deyib.

O bildirib ki, daşqınların miqyası müxtəlif fəsadlara səbəb olur. Hadisə baş verən kimi Prezident İlham Əliyevin tapşırığı ilə digər qurumlarla yanaşı, Fövqəladə Hallar Nazirliyinin bütün strukturları gücləndirilmiş iş rejiminə keçib. Nazirliyin əməkdaşları və digər aidiyyəti qurumların xilasediciləri dərhal təbii fəlakət baş vermiş ərazilərə cəlb olunublar.

“İlkin mərhələdə axtarış-xilasetmə işləri aparılıb. Bununla paralel olaraq layihə institutlarının mütəxəssisləri tərəfindən zərərin miqyasını müəyyənləşdirmək məqsədilə ərazilərdə texniki-mühəndis baxışları keçirilib. Bu prosesdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı, ziyan dəymiş infrastruktur qurumlarının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri də iştirak ediblər.

Qısa müddət ərzində aparılan müayinələrin nəticələri yekunlaşdırılaraq müvafiq qurumlara təqdim edilib. Aprelin 28-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə sel və daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində mühüm tədbirlərin icrasına başlanılıb. Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinə və digər dövlət qurumlarına müvafiq maliyyə vəsaiti ayrılıb”.

FHN nümayəndəsi qeyd edib ki, ayrılmış 85 milyon manat vəsait əsasən evləri dağılan vətəndaşlar üçün yeni fərdi yaşayış evlərinin tikintisinə, su altında qalmış 61 evin təmirinə və zərərçəkənlərə kirayə haqlarının ödənilməsinə yönəldiləcək.

“Bundan əlavə, dağılan istinad divarlarının bərpası və digər infrastrukturun yenidən qurulması da nəzərdə tutulur. Dövlət qurumları isə ayrılan vəsaitləri həm maddi-texniki bazanın gücləndirilməsinə, həm də dəymiş ziyanın aradan qaldırılmasına sərf edəcəklər.

Qeyd olunmalıdır ki, fövqəladə hallar dünyanın bütün ölkələrində baş verir. Lakin bir çox ölkələrdə zərərin ödənilməsi əsasən sığorta mexanizmləri vasitəsilə həyata keçirilir. Azərbaycanda da sığorta institutları inkişaf etməkdədir və bu sahədə qanunvericilik bazası təkmilləşdirilir.

Bu baxımdan vətəndaşlara və sahibkarlara əmlaklarını vaxtında sığortalamaq tövsiyə olunur. Bu, gələcəkdə mümkün zərərlərin daha operativ şəkildə aradan qaldırılmasına imkan yaradır”.

E.Əsədov vurğulayıb ki, son illər ərzində ölkə rəhbərliyi tərəfindən baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün böyük həcmdə dövlət vəsaiti ayrılıb.

“Buna 2010-cu ildə Kür daşqınları, 2012-ci ildə şimal-qərb bölgəsində baş verən zəlzələ, eləcə də 2019-cu ildə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında qeydə alınan zəlzələlər misal göstərilə bilər.

Bu addımlar dövlətin humanist siyasətinin göstəricisidir. Bununla yanaşı, vətəndaşların da məsuliyyətli davranaraq sığorta imkanlarından istifadə etməsi ümumi yükün azaldılmasına töhfə verə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti