Bakı.Trend:
Bakı şəhəri, Yasamal rayonunda yerləşən Memarlıq və İnşaat Universitetinin ərazisində yanğın baş verib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, universitetin həyətində taxta tullantılarının yandığı müəyyən edilib.
Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin peşəkarlığı və çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ali təhsil müəssisəsinin ərazisində taxta materialları 50 kv.m. sahədə, 13 mərtəbəli birinci tədris korpusunun xarici divarının alkopondan ibarət üzlüyü 20 kv.m. sahədə yanıb, binanın birinci mərtəbəsinin 2 ədəd pəncərə çərçivəsi yüksək temperaturdan deformasiyaya uğrayıb.
Universitetin binası yanğından mühafizə olunub.
xxx
15:15
Bu gün saat 14:00 radələrində Azərbaycan Memarlıq və İnşaat Universitetinin həyətində- 1 saylı tədris binasının yaxınlığında yanğın hadisəsi olub.
Bu barədə Trend-ə AZMİU-dan məlumat verilib.
Baş vermiş yanğın hadisəsinin tüstüsü 1 saylı tədris binasında hiss olunduğu üçün universitetin həmin binasındakı tələbələr və müəllimlər təxliyyə olunublar. Təcili şəkildə FHN əməkdaşları əməkdaşları hadisə yerinə cəlb olunublar.
"Yanğın qısa zamanda söndürülüb, ərazi nəzarətə götürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Qabaqlayıcı tədbir olaraq universitetə həkim briqadaları dəvət olunub. Panikaya düşən tələbələrə peşəkar həkim yardımları göstərilib. AZMİU-nun 1 saylı tədris binasında liftlərin yenilənməsi zamanı şaxtalarda istifadə olunan taxta konstruksiyalar universitet ərazisindən aparılması üçün həyətinə yığılıb. Yük maşınlarının hərəkətinə şəhərdə icazə verilən saatlarda taxta konstruksiyalar universitetin həyətindən çıxarılıb aparılacaqdı. Yanğının tədris binasına təsiri olmadığı üçün hazırda universitetdə tədris prosesi davam etdirilir", - universitetin məlumatında qeyd olunub.
