Azərbaycanla tərəfdaşlıq insan kapitalına mühüm investisiyadır - IE Universitetinin Prezidenti

Cəmiyyət Materials 28 Aprel 2026 12:52 (UTC +04:00)
Azərbaycanla tərəfdaşlıq insan kapitalına mühüm investisiyadır - IE Universitetinin Prezidenti
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla tərəfdaşlıq insan kapitalına və həm ölkə daxilində,həm də ölkə xaricində tələb olunacaq peşəkar bacarıqların inkişafına mühüm investisiyadır.

Trend xəbər verir ki, bunu IE Universitetinin Prezidenti Santyoqo İnyigesa de Onsonyo İspaniyanın IE Universiteti ilə Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimində çıxışında bildirib.

Onun sözlərinə görə, universitet ölkənin təhsil vasitəsilə transformasiyası üçün tərəfdaş seçilməsindən qürur duyur.

Onsonyo vurğulayıb ki, əməkdaşlığın əsas ideyası təhsilin cəmiyyətin inkişafında əsas katalizator olması inamına əsaslanır.

“Təhsil - imkanların bərabərləşdirilməsi üçün, həm gənclərin, həm də müxtəlif nəsillərin müasir dünyanın çağırışlarına hazırlanması ən yaxşı vasitədir”, - deyə o bildirib.

O həmçinin universitetin sahibkarlıq və innovasiyalara güclü yönümlü olduğunu qeyd edib və IE Universitetinin sahibkarlıq təhsili sahəsində dünyada 4-cü yerdə olduğunu, eləcə də məzunların işlə təmin olunma göstəricisinə görə aparıcı universitetlər sırasında yer aldığını vurğulayıb.

Çıxışda universitetin beynəlxalq modeli də xüsusi diqqətə çatdırılıb.

Onun sözlərinə görə, IE Universitetində 160-dan çox ölkədən tələbə təhsil alır, Madrid və Nyu-Yorkda kampusları, həmçinin Ər-Riyadda innovasiya və liderlik mərkəzi mövcuddur. Onsonyo qeyd edib ki, Bakıda yaradılacaq yeni layihə Avropa ilə Asiyanı birləşdirən qovşaq rolunu oynayacaq.

“Əməkdaşlıq çərçivəsində "Financial Times" tərəfindən dünyanın ən yaxşı proqramlarından biri kimi tanınan "Global Online MBA" daxil olmaqla müxtəlif proqramların həyata keçirilməsi planlaşdırılır. Bu proqram onlayn təhsili və əyani modulları birləşdirir və idarəetmə bacarıqlarının praktik şəkildə inkişafına imkan yaradır. Bu, çox perspektivli yolun başlanğıcıdır. Ən yaxşısı hələ qabaqdadır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti