Bakı.Trend:
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Trend-in məlumatına görə, BDYPİ baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Müraciətdə deyilir ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Ayrı-ayrı bölgələrdə yağışın intensiv olacağını nəzərə alaraq, sürücülər ehtiyat tədbirləri görməli, yağmurlu, çiskinli havada sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, avtomobilin texniki sazlığını, xüsusilə işıq cihazlarının, şüşəsilgəclərinin işlək vəziyyətdə olmasını təmin etməlidirlər.
Piyadalar da əlverişsiz hava şərtlərini nəzərdən qaçırmamalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
