Bakı. Trend:
Podqoritsa şəhərində Azərbaycan Respublikası və Monteneqro Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildiirlib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər
nazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə isə
Xarici İşlər Nazirliyinin dövlət katibi Perişa Kastratoviç
rəhbərlik edib.
Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə
siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, mövcud siyasi
dialoqun gücləndirilməsi baxımından qarşılıqlı səfərlərin
əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iqtisadi, enerji, turizm və
humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf
perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən
strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr
aparılıb.
Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində
mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldiblər.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində F.Rzayev, həmçinin Monteneqronun digər bir sıra rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də Monteneqro Universitetində dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.
