Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi haqqında Əsasnamə təsdiqlənib.
Trend-in əldə etdiyi məlumata görə, Əsasnaməda Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsinin fəaliyyətinin təşkili dair məsələlər öz təsdiqini tapıb.
Belə ki, İdarənin strukturu, xərclər smetası və ştat cədvəli Komitə sədri tərəfindən təsdiq ediləcək.
İdarəyə Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edəcək. Rəis İdarənin fəaliyyətinə rəhbərlik edəcək və ona həvalə edilmiş vəzifələrin icrasına görə məsuliyyət daşıyacaq.
İdarə rəisinin müavini Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək. İdarə rəisinin müavini onlara həvalə edilmiş vəzifələri yerinə yetirəcək və buna görə məsuliyyət daşıyacaq.
İdarənin işi onun fəaliyyət istiqamətləri üzrə, habelə Komitənin və İdarənin təsdiq edilmiş iş planları əsasında həyata keçiriləcək.
İdarədə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti, habelə qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələlər mütəmadi olaraq İdarə rəisinin yanında keçirilən iclaslarda müzakirə olunacaq.
İdarənin rəisi aşağıdakı səlahiyyətləri həyata keçirəcək:
- İdarənin fəaliyyətini təşkil edəcək, ona rəhbərliyi həyata keçirəcək və İdarəni müəyyən edilmiş qaydada təmsil edəcək;
- İdarənin fəaliyyətinin təşkili ilə bağlı əmr və sərəncamlar verəcək, verilmiş əmr və sərəncamların icrasını təşkil edəcək, onların icrasını yoxlayacaq və nəzarəti həyata keçirəcək;
- İdarənin fəaliyyəti ilə bağlı məsələlərin Komitənin Kollegiyasında müzakirəyə çıxarılması üçün təşəbbüs göstərəcək və həmin məsələlərin Kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edəcək;
- verilmiş səlahiyyətlər daxilində İdarənin struktur bölmələrinin əsasnamələrini təsdiq edəcək;
- İdarənin iş planını və müvafiq hesabatlarını təsdiq edəcək, iş planının vaxtında və keyfiyyətli icrasına nəzarət edəcək;
- Komitənin Kollegiya qərarlarında, əmr və sərəncamlarda, habelə iş planlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edəcək;
- İdarənin işçilərinin üzərinə düşən vəzifələrin icrasına, icra və əmək intizamına riayət olunmasına nəzarət edəcək;
- İdarədə xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edən işçilərə xüsusi rütbələrin verilməsi məqsədilə Komitə sədrinə təqdimatlar verəcək;
- işçilərin əmək və sosial təminat hüquqlarının həyata keçirilməsini təmin edəcək;
- işçilərin maddi təminatının və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görəcək;
- verilmiş səlahiyyətlər daxilində işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək;
- verilmiş səlahiyyətlər daxilində İdarənin adından mülki qanunvericiliyə uyğun olaraq müqavilələr bağlayacaq;
- etibarnamələr verəcək, banklarda hesablaşma və digər hesablar açacaq, hesab və tədiyyə sənədlərini imzalayacaq;
- xarici ticarət iştirakçıları ilə mütəmadi görüşlər keçirəcək, görüşlər zamanı qaldırılan məsələlərin təhlilini aparacaq və nəticələr üzrə Komitə rəhbərliyinə təkliflər təqdim edəcək;
- İdarənin əsas vəsaitlərindən və maddi qiymətlilərindən səmərəli istifadə olunmasına nəzarət edəcək;
- səlahiyyətləri daxilində İdarədə mülki müdafiə, yanğın təhlükəsizliyi və nəqliyyat səfərbərliyi üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət edəcək;
- İdarənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin, məxfilik rejiminin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin edilməsi üçün zəruri tədbirlər görəcək;
- İdarənin fəaliyyətini Komitənin Aparatı, Komitənin strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlarla əlaqələndirəcək;
- İdarənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görür və bu barədə Komitə rəhbərliyinə təkliflər verəcək;
- İdarə tərəfindən vətəndaşların müraciətlərinə baxılmasını və vətəndaşların qəbulunu təmin edəcək.
İdarənin vəzifəli şəxslərinin tutduqları vəzifələr üzrə xidməti vəzifələri Komitə sədrinin təsdiq etdiyi vəzifə təlimatları əsasında müəyyən ediləcək.
