Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi haqqında Əsasnamə təsdiqlənib.
Trend-in əldə etdiyi məlumata görə, Əsasnaməda Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsinin hüquqları da öz təsdiqini tapıb.
Belə ki, Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malik olacaq:
- gömrük qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə səlahiyyətləri daxilində müvafiq təşkilati, inzibati və nəzarət tədbirləri həyata keçirmək;
- gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması məqsədilə şəxslərə yazılı xəbərdarlıqlar göndərmək, qanuni tələblərin icrasına nəzarət etmək;
- müstəqil surətdə və ya digər hüquq-mühafizə orqanları ilə birgə İdarənin gömrük nəzarəti zonasında müəyyən edilmiş rejim qaydalarına riayət olunmasına nəzarət etmək, İdarənin infrastruktur obyektlərinin mühafizəsini təşkil etmək və bu məqsədlə qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək;
- Gömrük Məcəlləsinə və gömrük işi üzrə digər normativ hüquqi aktlara uyğun olaraq gömrük orqanlarına təqdim edilməsi nəzərdə tutulan sənədləri və məlumatları hüquqi və fiziki şəxslərdən tələb etmək;
- İdarəyə təqdim edilən sənədlərin, məlumatların və gömrük bəyannamələrinin düzgünlüyünü araşdırmaq;
- sənaye və texnologiyalar parklarına, sənaye məhəllələrinə gətirilən və aparılan mallarla bağlı zəruri məlumatlar və sənədlər barədə Komitə Aparatına, Komitənin strukturuna daxil olan gömrük orqanlarına və tabeliyində olan digər qurumlara sorğular göndərmək və onlardan belə məlumatları (sənədləri) almaq;
- cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, habelə həmin cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
- Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada təhqiqat aparmaq və müvafiq prosessual hərəkətləri həyata keçirmək;
- İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatı həyata keçirmək, bu işlərə baxmaq və inzibati xətalar törətmiş şəxsləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb etmək;
- gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri törətmiş və ya törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədilə, son zərurət vəziyyətində, idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin diplomatik, konsulluq və digər nümayəndəliklərinə, habelə beynəlxalq təşkilatlara məxsus xüsusi təyinatlı nəqliyyat və rabitə vasitələri istisna edilməklə) məxsus rabitə və nəqliyyat vasitələrindən istifadə etmək;
- Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən (o cümlədən texniki vasitələrdən) və odlu silahdan istifadə etmək;
- gömrük nəzarəti zamanı istifadə olunan texniki nəzarət vasitələrini qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiq etmək;
- azad və xüsusi iqtisadi zonalara gətirilən və bu zonalardan aparılan malların və nəqliyyat vasitələrinin, habelə gömrük nəzarəti altında olan malların daşınması, saxlanılması və onlar üzərində aparılan yük əməliyyatları ilə bağlı fakt və hadisələri sənədləşdirmək, audioyazı, foto və videoçəkilişlər aparmaq;
- gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin müasir metod və vasitələrinin tətbiqi məsələləri üzrə səlahiyyətləri daxilində xarici ticarət iştirakçıları ilə əməkdaşlıq etmək, onlarla rəsmi münasibətlər qurmaq və məsləhətləşmələr aparmaq;
- qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
