Bakı. Trend:
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə və Mərkəzin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın
ümummilli lideri, müdrik rəhbər, müasir, müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül
dəstələri qoyublar. Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla
yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi
ilə başlayıb.
Tədbirdə yerli və xarici mütəxəssislər, o cümlədən Rusiya, Türkiyə, İtaliya, Özbəkistan və digər ölkələrdən tanınmış oftalmoloqlar iştirak edərək müasir tibbi texnologiyalar, diaqnostika və müalicə üsulları üzrə təcrübələrini bölüşüblər.
Konfransın açılışında çıxış edən səhiyyə naziri Teymur Musayev tədbirin əhəmiyyətini vurğulayaraq bildirib: “Bu gün biz Azərbaycan oftalmologiyasının inkişaf tarixinin mühüm bir mərhələsini, elmi nailiyyətlərin, peşəkarlığın və insanlığa xidmətin parlaq nümunəsini qeyd edirik. Zərifə Əliyevanın adını daşıyan bu müqəddəs ocaq təkcə bir tibb müəssisəsi deyil — o, bir missiyadır. Bu missiya insanlara işıq bəxş etmək və sağlam gələcəyin təmin olunmasına xidmət etməkdir”.
Nazir həmçinin qeyd edib ki, hazırda Azərbaycan səhiyyəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində hər sahədə inkişaf edir: “Bu tərəqqi yolunda ən qabaqcıl mövqe tutan elmi-tibbi müəssisələrdən biri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzidir. Bu gün biz yalnız bir elmi mərkəzin yubileyini qeyd etmirik — biz milli səhiyyəmizin inkişaf tarixində xüsusi yeri olan bir elm və təcrübə ocağının şərəfli yoluna nəzər salırıq”.
Daha sonra çıxış edən Mərkəzin direktoru, professor Elmar Qasımov qeyd edib ki, keçirilən tədbir oftalmologiya sahəsində yeni elmi yanaşmaların formalaşmasına və innovativ müalicə metodlarının tətbiqinə töhfə verir: “Bu cür beynəlxalq əməkdaşlıq həm klinik təcrübənin zənginləşdirilməsi, həm də yeni texnologiyaların ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli isə çıxışında bildirib ki, Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan tibb elminin beynəlxalq nüfuzunun artmasına böyük töhfə verib və bu irs gələcək nəsillər üçün mühüm elmi məktəb rolunu oynayır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında səhiyyə sahəsində aparılan islahatların və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Tədbirdə həmçinin Türkiyədən olan professor Öner Gelişken və digər xarici mütəxəssislər çıxış edərək qlobal təcrübələr və yeniliklər barədə fikirlərini bölüşüblər.
Konfrans çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Göz Bankının rəsmi açılışı da baş tutub.
Beynəlxalq konfransda oftalmologiyanın aktual məsələləri geniş şəkildə müzakirə olunub. Tədbir çərçivəsində Milli Göz Bankının Azərbaycanda keratoplastika xidmətlərinin inkişafındakı rolu, donor mərhələsindən buynuz qişanın transplantasiyasına qədər olan proses, donor olma motivasiyası, həmçinin müxtəlif keratoplastika üsulları və onların uzunmüddətli nəticələri diqqət mərkəzində olub.
Eyni zamanda, dərin ön lamellyar keratoplastikadan sonra göz yaşı təbəqəsində iltihabi və antiiltihabi sitokinlərin qiymətləndirilməsi, eləcə də endotelial keratoplastika zamanı optimal nəticələrin biomarkerləri kimi elmi mövzular da təqdim edilib.
Konfrans çərçivəsində aparılan müzakirələr həm nəzəri biliklərin, həm də praktiki təcrübənin paylaşılmasına şərait yaradır və aparılan elmi diskussiyalar oftalmologiya sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verəcək.
