Fitch: Neft-qaz qiymətlərinin artımı Azərbaycanın dövlət büdcəsinə müsbət təsir göstərəcək

Energetika Materials 28 Aprel 2026 10:45 (UTC +04:00)
Fitch: Neft-qaz qiymətlərinin artımı Azərbaycanın dövlət büdcəsinə müsbət təsir göstərəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Neft və qaz qiymətlərinin artması Azərbaycanın həm xarici maliyyə göstəricililərinə, həm də dövlət büdcəsinə müsbət təsir göstərə və ölkənin 2026-cı ildə iqtisadi artım tempinin sürətlənməsinə töhvə verə bilər.

Bu barədə Trend “Fitch Ratings” agentliyinə istinadən xəbər verir.

“Yaxın Şərqdəki müharibə fonunda karbohidrogenlərin daha da bahalaşması Azərbaycanın ikili profisitlərini gücləndirəcək. “Fitch Ratings”in baza ssenarisinə görə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 4,5%-i səviyyəsində qalacaq, konsolidasiya olunmuş büdcə profisiti isə Dövlət Neft Fondunun aktivlərinin gəlirliliyinin gözlənilən azalmasına baxmayaraq ÜDM-in 2,1%-nə çatacaq”,- deyə agentliyin hesabatında bildirilir.

Analitiklər 2025-ci ildə karbohidrogen hasilatının 1,6% azalması ilə şərtlənən iqtisadi artımdakı kəskin azalmadan - onun 2024-cü ildəki 4,1 faizdən 1,4 faizə enməsindən sonra, 2026-cı ildə artımın sürətlənəcəyini gözləyirlər.

“Fitch Ratings”in qiymətləndirməsinə görə, qeyri-neft sektorunun iqtisadiyyatda payı dəyişkən olaraq qalır və böyük ölçüdə neft qiymətlərindən asılıdır. Bu göstərici 2015-ci ildəki 63,5%-lik maksimum səviyyədən 2022-ci ildə neft qiymətlərinin son 14 ilin ən yüksək həddinə çatması fonunda 9 faiz bəndi azalıb.

Agentlik həmçinin xidmət sektorunun- xüsusilə İKT və turizmin- töhfəsinin artdığını qeyd edir. Hər iki sahə 2025-ci ildə iqtisadi artıma 0,2 faiz bəndi əlavə edib.

Analitiklər vurğulayırlar ki, Azərbaycanın strateji coğrafi mövqeyi, o cümlədən Xəzər dənizində yerləşən iri liman, onun Orta Dəhliz çərçivəsində tranzit qovşağı kimi əhəmiyyətini artırıb. Ukrayna müharibəsinin başlanmasından sonra quru yükdaşımalarının həcmi iki dəfədən çox artaraq 2022–2024-cü illərdə xidmət ixracının orta hesabla 27%-nə çatıb, ÜDM-dəki payı isə 2,3%-ə yüksəlib.

Bundan əlavə, “Fitch Ratings” dövlət büdcəsinin qeyri-neft gəlirlərində əhəmiyyətli artımın olduğunu - 2022–2025-ci illərdə ümumi həcmin təxminən yarısına (və ÜDM-in 13%-nə) çatdığını qeyd edir.

Fiskal qaydaya əsasən, qeyri-neft kəsiri 2029-cu ilə qədər qeyri-neft ÜDM-in 13%-dən aşağı səviyyəsinə enməlidir (2024-cü ildə 20,4%). Hesabatda vurğulanır ki, buna nail olmaq üçün qeyri-neft gəlirlərinin daha da artırılması və institusional bazanın gücləndirilməsi, o cümlədən nəzarətin sərtləşdirilməsi və aydın fiskal istiqamətlərin formalaşdırılması tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti