Bakı. Trend:
Azərbaycan və Niderland Orta Dəhlizin inkişafı çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Trend xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfiri Mariann de Yonq Kral günü münasibətilə Bakıda keçirdiyi brifinqdə danışıb.
“Yaxın illərdə diqqət yetirmək istədiyimiz digər istiqamətlərdən biri nəqliyyat əlaqəliliyidir, xüsusilə də Orta Dəhlizin inkişafı kontekstində. Azərbaycanın həm quruda, həm də dənizdə mühüm nəqliyyat qovşağı kimi strateji əhəmiyyətini aydın şəkildə görürük. Niderland da öz növbəsində dəniz və quru marşrutları sayəsində Şimali Avropada strateji mövqe tutur. Hesab edirəm ki, bu sahədə bir-birimizdən öyrənə biləcəyimiz çox şey var”, – deyə o bildirib.
Diplomat qeyd edib ki, ölkələr arasında liman sahəsi və logistika üzrə artıq fəal əməkdaşlıq qurulub və tərəflər bunu daha da inkişaf etdirmək və möhkəmləndirmək niyyətindədir.
“Rotterdam limanı Avropanın ən böyük dəniz limanıdır, Bakı isə tədricən mühüm regional, bəlkə də qlobal ticarət-logistika mərkəzinə çevrilir. Buna görə də biz, Bakı limanının inkişafı daxil olmaqla, daha geniş infrastruktur təşəbbüsləri çərçivəsində əməkdaşlığın davam etdirilməsində, təcrübə mübadiləsində və birgə layihələrin həyata keçirilməsində maraqlıyıq”, – deyə de Yonq vurğulayıb.
