Bakı. Trend:
May ayına olan hava proqnozu açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, may ayında
havanın temperaturu tədricən yüksəlir. Son illərin müşahidələrinə
əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha
dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə
ərazimizə təsiri nəticəsində temperatur və təzyiq fərqləri
yaranır.
Bu ilin may ayında orta aylıq temperaturun iqlim normasına yaxın,
bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq
yağıntının miqdarının əsasən iqlim normasına yaxın olmasına
baxmayaraq, ayrı-ayrı günlərdə intensiv yağışların yağması ehtimalı
var.
Ayın ilk günlərində bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli
yağıntı gözlənilir. Birinci ongünlüyün ikinci yarısından etibarən
isə əksər rayonlarda yağıntıların intensivləşəcəyi ehtimal
olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun
18–20°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir. Gecələr temperatur 12–17°C, gündüzlər 20–25°C,
bəzi günlərdə isə 27–32°C isti olacaq. Aylıq yağıntının miqdarının
iqlim normasına yaxın olacağı gözlənilir (18–21 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur
rayonlarında havanın orta aylıq temperaturunun 18–22°C isti olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr havanın temperaturu 11–16°C, gündüzlər 20–25°C, bəzi
günlərdə 30–35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim
normasına yaxın olacağı 33–62 mm) gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və
Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 14–18°C isti
olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın
temperaturunun 7–12°C, gündüzlər 15–20°C, bəzi günlərdə 25–30°C
isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına
yaxın olacaq (68–122 mm).
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın
orta aylıq temperaturunun 14–18°C isti olacağı gözlənilir ki, bu da
iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7–12°C,
gündüzlər 15–20°C, bəzi günlərdə 25–30°C isti olacaq. Aylıq
yağıntının miqdarının iqlim normasına yaxın olacağı
gözlənilir(52–103 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında
havanın orta aylıq temperaturunun 18–21°C təşkil edəcəyi gözlənilir
ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr
havanın temperaturu 12–17°C, gündüzlər 23–28°C, ikinci və üçüncü
ongünlüyün bəzi günlərində 30–35°C isti olacaq. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (43–67 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
havanın orta aylıq temperaturunun 16–19°C olacağı gözlənilir ki, bu
da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın
temperaturu 11–16°C, gündüzlər 20–25°C, bəzi günlərdə 28–33°C isti,
dağlarda isə gecə 3–8°C, gündüz 15–20°C isti olacaq. Aylıq
yağıntının miqdarının iqlim norması daxilində, bəzi yerlərdə
normadan bir qədər çox olacağı ehtimal olunur (26–166 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir,
Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və
Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19–22°C
isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir
qədər yüksəkdir. Gecələr havanın temperaturu 13–18°C, gündüzlər
22–27°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 33–38°C isti
olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fəqrlə normaya
yaxın olacağı gözlənilir (norma 26-62 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad
rayonlarında havanın orta aylıq temperaturunun 17–20°C isti olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr havanın temperaturu 12–17°C, gündüzlər 21–26°C, ikinci və
üçüncü ongünlüyün bəzi günlərində 29–34°C isti olacaq. Aylıq
yağıntının miqdarının kiçik mənfi fəqrlə normaya yaxın olacağı
gözlənilir (norma 26-62 mm).
