Bakı. Trend:
ABŞ-də amerikalı milyarder İlon Maskın “OpenAI” şirkəti və onun baş direktoru Sem Altmen əleyhinə qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb.
Trend xarici mediaya istinadən xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri “OpenAİ”ın ilkin qeyri-kommersiya missiyasından uzaqlaşmaqda və layihənin ilk mərhələlərində onu aldatmaqda ittiham edir.
İddia tələblərinin həcmi 150 milyard ABŞ dolları təşkil edir. İddia təmin edilərsə bu məbləğ “OpenAI”nin qeyri-kommersiya bölməsinə yönəldiləcək.
İlkin dinləmələr çərçivəsində Mask ifadə verərək layihənin yaradılmasında özünün əsas rolunu qeyd edib. Milyarderin sözlərinə görə, məhz o, konsepsiyanı formalaşdırıb, layihəyə ad verib, əsas mütəxəssisləri cəlb edib və ilkin maliyyələşdirməni təmin edib, “OpenAİ”ı ayrı-ayrı iştirakçılara kommersiya mənfəəti güdməyən xeyriyyə təşəbbüsü kimi təqdim edib.
