Bakı. Trend:
Hizbullah qruplaşmasının İsrailin şimalında yerləşən Şomera qəsəbəsi yaxınlığında İsrail ordusuna aid artilleriya mövqeyinə dron hücumu nəticəsində azı 12 israilli hərbçi yaralanıb.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin (İDF) məlumatına görə, hərbçilərdən ikisinin vəziyyəti orta ağır, digər yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
İlkin məlumata görə, Hizbullah döyüşçülərinin Livandan buraxdığı dron artileriya mərmilərinin daşınmasında istifadə olunan M548 adlı texnikaya tuş gəlib, yanğın baş verib və bir neçə artileriya mərmisi partlayıb.
IDF insidenti araşdırır. Dronun fiber-optik idarəetmə metodu ilə istiqamətləndirildiyi güman edilir. Belə ki, Hizbullahın son vaxtlar müntəzəm olaraq istifadə etdiyi metod radioelektron müdaxilələlərə qarşı dayanıqlı olur və belə dronları zərərsizləşdirmək nisbətən çətin olur.
