Bakı. Trend:
Niderland futbol çempionatının yüksək divizionunda keçirilmiş azı 133 oyunun nəticələri futbolçuların sənədlərinin rəsmiləşdirilməsi zamanı yol verilmiş pozuntular səbəbindən etibarsız hesab oluna bilər.
Trend xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Belə ki, bir sıra futbolçular tələb olunan sənədlər olmadan meydançaya çıxıblar. Onların bir çoxu milli yığmalarda çıxış etmək məqsədilə İndoneziya, Surinam və ya Kabo-Verde vətəndaşlığını ikinci vətəndaşlıq kimi əldə ediblər.
Niderland qanunvericiliyinə əsasən, belə hallarda oyunçular ölkə vətəndaşlığından məhrum olunur, üstəlik onlar yenidən iş icazəsi rəsmiləşdirməli idilər.
“Əgər futbolçu Niderland vətəndaşlığından imtina edirsə, o, başqa hüquqi yurisdiksiyaya düşür. Faktiki olaraq o, əcnəbiyə çevrilir”, – deyə idman və hüquq üzrə professor Marjan Olfers bildirib.
Bununla belə, mümkün pozuntular bir neçə il ərzində diqqətdən kənarda qalıb. Məsələ yaz aylarında “NAK Breda” klubunun problemi gündəmə gətirməsi və oyunlardan birinin yenidən keçirilməsini tələb etməsi ilə aktuallaşıb. Niderland Kral Futbol İttifaqı bu tələbi rədd edib, bundan sonra klub apellyasiya şikayəti verib.
