Ticarətin Asanlaşdırılması Mərkəzlərinin yaradılması Orta Dəhlizin inkişafı üçün mühüm hüquqi baza yaradır – Azər Əmiraslanov

İqtisadiyyat Materials 1 May 2026 13:30 (UTC +04:00)
Ticarətin Asanlaşdırılması Mərkəzlərinin yaradılması Orta Dəhlizin inkişafı üçün mühüm hüquqi baza yaradır – Azər Əmiraslanov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gömrük borclarının icrası mexanizmlərinin gücləndirilməsi fiskal intizamı artırmaqla yanaşı, dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri həmçinin bildirib ki, elektron prosedurların genişləndirilməsi təşəbbüsləri gömrük sistemində mütərəqqi innovativ dəyişikliklər kimi dəyərləndirilir:

“Layihədə rəqəmsallaşma yalnız texniki məsələ kimi deyil, idarəetmə fəlsəfəsinin əsas elementi kimi çıxış edir. Elektron sənəd dövriyyəsi, məlumat mübadiləsi və avtomatlaşdırılmış proseslər, xüsusilə də elektron bəyannamələrin tətbiqinin genişləndirilməsi gömrük rəsmiləşdirilməsi prosesini sürətləndirir, şəffaflığı artırır, insan faktorunu və korrupsiya risklərini azaldır, inzibati xərcləri minimuma endirir”.

Millət vəkili vurğulayıb ki, təqdim edilən layihənin başlıca hədəflərindən biri logistika və tranzit imkanlarının genişləndirilməsidir:

“Bugünkü reallıqda Azərbaycanın coğrafi mövqeyi böyük strateji üstünlük yaradır. Lakin bu üstünlük yalnız infrastrukturla deyil, hüquqi və institusional mexanizmlərlə dəstəklənməlidir. Bu səbəbdən layihə tranzit prosedurlarını sadələşdirir, logistika zəncirinin fasiləsizliyini təmin edir, Ticarətin Asanlaşdırılması Mərkəzi kimi mexanizmlərlə xidmətlərin koordinasiyasını gücləndirir. Bu, xüsusilə Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının effektiv fəaliyyəti üçün mühüm hüquqi baza yaradır və ölkəmizin tranzit potensialının artırılmasına xidmət edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti