Bakı. Trend:
Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab ediləcək.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Dəyişikliyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında (hazırda bu cərimə 9000 manatdan 13 min manatadəkdir) cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bu əməlləri əməlləri ilk dəfə törətmiş şəxs cinayətin predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaiti) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunacaq.
"Dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.
