Bakı. Trend:
ABŞ-nin Avropada təxminən 80 min hərbçisi var və bu kontingentin ölçüsü ilə strukturu beynəlxalq vəziyyətdəki dəyişikliklərə uyğun olaraq mütəmadi şəkildə tənzimlənir.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin Avropa Komandanlığının (EUCOM) nümayəndəsi TASS-a bildirib.
“Hazırda Avropada təxminən 80 min ABŞ hərbi qulluqçusu yerləşdirilib. Onların 38 mini Almaniyada daimi və rotasiya əsasında yerləşir”, — deyə EUCOM-un sözçüsü qeyd edib.
Onun sözlərinə görə, bu qüvvələr Almaniyanın Visbaden, Reynland-Pfalts, Ştutqart və Bavariya kimi bölgələrində yerləşdirilib. Sözçü vurğulayıb ki, hərbçilərin sayı demək olar aylıq əsasda dəyişir və bu, planlaşdırılmış təlimlər və qüvvələrin rotasiyası ilə bağlıdır.
EUCOM nümayəndəsi əlavə edib ki, şərtlər dəyişdikcə ABŞ daimi və müvəqqəti yerləşdirilmiş qüvvələrin kombinasiyasından istifadə edərək öz hərbi strukturunu və imkanlarını mütəmadi olaraq nəzərdən keçirir və tənzimləyir.