Gənclər müstəmləkəçiliyə qarşı mübarizənin əsas gücüdür - Orlan Paristan

Cəmiyyət Materials 1 May 2026 11:34 (UTC +04:00)
Gənclər müstəmləkəçiliyə qarşı mübarizənin əsas gücüdür - Orlan Paristan
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Reünion adası artıq 400 ildir ki, kapitalizm və Fransa müstəmləkəçiliyinin ikili təzyiqi altında yaşayır. Bu vəziyyətdən ən çox zərər görənlər isə gənclərdir.

Trend xəbər verir ki, bu fikirləri “Ka Ubuntu” azadlıq hərəkatının üzvü Orlan Paristan Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumunda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, adada gənclər arasında işsizlik səviyyəsi 24%-ə, Mayot adasında isə rekord həddə — 59%-ə çatır. O. Paristan vurğulayıb ki, bu rəqəmlər cəmiyyətləri iqtisadi maraqlar naminə zəiflədən imperialist sistemin birbaşa nəticəsidir:

“Fransanın müstəmləkə altında saxladığı ərazilərdə gənclər yoxsulluq, psixoloji gərginlik və artan zorakılıqla üz-üzə qalıb”.

Çıxışında tarixi faktlara da toxunan fəal bildirib ki, 1962–1984-cü illər arasında 1600-dən çox reünionlu uşaq ailələrindən zorla qoparılaraq Fransaya aparılıb. O, bunu müstəmləkə siyasətinin ən amansız və gizli tərəflərindən biri kimi xarakterizə edib.

Paristan həmçinin gənclərin militarizasiyasına diqqət çəkərək qeyd edib ki, xüsusi hərbi proqramlar vasitəsilə gənclər Fransa ordusuna cəlb olunur. Təhsil sahəsində bir çox ixtisasların adada əlçatan olmaması isə gəncləri doğma torpaqlarını tərk etməyə məcbur edir:

“Nəticədə ada öz intellektual potensialını itirir, yerli gənclərin tutmalı olduğu vəzifələrə isə xaricdən gələnlər yerləşdirilir. Lakin müasir dövrün informasiya imkanları gənclərə baş verənlərə alternativ baxış bucağından baxmaq şansı yaradır”.

Sonda fəal vurğulayıb ki, mədəniyyət və dilin qorunması mübarizənin əsas istiqamətlərindəndir. Gənclərin şüurlanması və öz kimliyinə sahib çıxması dekolonial (müstəmləkəçilikdən azad) gələcəyin qurulması üçün ən vacib şərtdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti