Bakı. Trend:
Meksika və Avropa İttifaqı (Aİ) 22 mayda Meksika paytaxtında keçiriləcək VIII ikitərəfli sammiti çərçivəsində strateji tərəfdaşlıq müqaviləsi və müvəqqəti ticarət müqaviləsi imzalayacaqlar.
Trend-in məlumatına görə, bu barədə Meksika Xarici İşlər Nazirliyinin ölkə prezidenti Klaudiya Şeynbaumla Avropa Şurasının prezidenti Antonio Koşta arasında telefon danışığından sonra dərc etdiyi kommünikedə deyilib.
"Sammitin əsas nəticələrindən biri "Meksika ilə Avropa İttifaqı arasında Siyasi, İqtisadi və Kooperativ Sahələrdə Strateji Tərəfdaşlıq Sazişi"nin (yenilənmiş qlobal saziş), eləcə də aralıq ticarət sazişinin imzalanması gözlənilir", - deyə qeyd olunub.
Bəyanatda vurğulanıb ki, yeni saziş 25 il əvvəl qurulan "siyasi, əməkdaşlıq və iqtisadi münasibətlərin mövcud çərçivəsini yeniləyəcək və dərinləşdirəcək".